Şəki Regional Elmi Mərkəzdə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib
Okt 31, 2023 | 04:57

31 oktyabr 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Şəki Regional Elmi Mərkəzin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü həyatını  daim Azərbaycana və Azərbaycan xalqına həsr edən Ulu öndər Heydər Əliyevin üzərinə götürdüyü xilaskarlıq missiyasından və onu şərəflə, ləyaqətlə yerinə yetirməsindən danışıb. O qeyd edib ki, bu gün bütün sahələrdə ulu öndər Heydər Əliyevin ideyaları özünü göstərir və qurucusu olduğu müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin fəaliyyətinin zirvəsidir.

ŞREM-in “Ekoloji coğrafiya” şöbəsinin elmi işçisi Aygün İsmayılova “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusu üzrə məruzə ilə çıxış edib. Məruzəçi çıxışında ümummilli liderin Heydər Əliyevin siyasi kursuna uyğun olaraq islahatların aparılmasının verdiyi müsbət nəticələrdən, eləcə də bütün bunların Azərbaycan dövlətini dünyada təmsil edə bilən, ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənclərin yetişməsi üçün yaradılmış şəraitdən bəhs edib. Məruzəçi çıxışında müstəqil Azərbaycanın prezidenti, dünya azərbaycanlılarının lideri İlham Əliyevin bu gün ulu öndərin yolunu, siyasi irsini layiqli davam etdirdiyini nəzərə çatdırıb.

ŞREM-in “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin elmi işçisi Təranə Abdullayeva “Heydər Əliyev və Azərbaycan elmi” adlı çıxışında Ulu öndər Heydər Əliyevin hələ sovetlər dönəmində Azərbaycanın çiçəklənən respublikaya çevrilməsində, milli kadrların yetişdirilməsində, müstəqilliyin bünövrəsinin qoyulmasında olan misilsiz xidmətlərini vurğulayıb. O əlavə edib ki, Ulu öndərin müstəqillik illərində də digər sahələr kimi elm və təhsilin inkişafını diqqətdən kənarda qoymaması və bu sahənin problemlərinin kompleks şəkildə həlli üçün inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə tarixi sərəncam və fərmanları imzalaması respublikamızın inkişaf perspektlərini müəyyənləşdirən vacib addımlardandır və bu gün Ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məruzələr ətrafında maraqlı müzakirələr aparılıb.