Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi

2018-ci tədqiqat ilində alınmış elmi nəticələr, uğur və nailiyyətlər.

Respublikanın müxtəlif bölgələri üçün yetişdirilməsinə icazə və Patent (müəllif hüququnun qorunması) alınması məqsədi ilə AMEA Şəki REM-də yaradılmış “Yaqub” və  “Çingiz” tut ipəkqurdu cinsləri, həmçinin “Çingiz x Yaqub”, “Yaqub x Çingiz” tut ipəkqurdu hibridləri 2016-ci ildə AR K/T Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə (BSQ və TN üzrə DX) təqdim olunmuş və BSQ və TN üzrə DX-nin 14 fevral 2019-cu il tarixli əmrinə əsasən Şəki REM-in yeni tut ipəkqurdu cins və hibridləri qeydiyyata alınmış və Respublikanın müxtəlif bölgələrində yetişdirilməsinə icazə verilmişdır.

AMEA Şəki REM tərəfindən Oğuz rayonun ərazisində XVIII-XX əsrin əvvəllərinə aid Qəbrüstü abidələr tədqiqata cəlb edilmiş, müəyyən olunmuşdur ki, bu abidələr ümumazərbaycan mədəniyyətinin subyektlərindən olmaqla, regionun digər rayonları ilə müqayisədə tərtibat baxımından oxşarlıq təşkil edir və həmin ərazidəki epiqrafik nümunələr  həm kəmiyyət, həm də ornament və simvolların, ayə və hədislərin azlığı ilə səciyyələnir.

Özünün dadı, hazırlanma rahatlığı və insanın qida ehtiyacları üçün əlverişli olan zəngin zülallaları sayəsində, amarant bitkisinə olan maraq 20-ci əsrin 70-ci illərindən başlayaraq canlanıb. AMEA Şəki REM-də amarant bitkisi üzərində aparılan tədqiqatlar, əsasən amarant toxumundan soyuq sıxma və ekstraksiya üsulu ilə alınmış yağın fiziki-kimyəvi göstəricilərinin araşdırılması göstərir ki, bu bitkinin Azərbaycanın Şimal-Qərb regionunda becərilməsi yüksək perspektivə malikdir.

AMEA Şəki REM tərəfindən aparılan araşdırmalar göstərir ki, Oğuz rayonu ərazisindən toplanmış folklor nümunələri arasında kiçik janrlar üstünlük təşkil edir və həmin  nümunələrdə işlənən onomostik vahidlər onların bölgəyə aid olduğuna  sübut edir.

Şəki-Zaqatala bölgəsindən aşkar edilmiş xalq seleksiyasına aid 15 armud sortunun generativ orqanlarında erkəkciklərin sayı 17.1-25.0 ədəd arasında dəyişdiyi müəyyən olunmuşdur. Bu xüsusiyyət imkan verir ki, gələcək seleksiya işlərində daha yüksək nəticə almaq üçün bu sortlardan tozlayıcı kimi istifadə olunsun.

Müəyyən edilmişdir ki, Oğuz rayonu ərazisində yerləşən Govurdərə və Filfilli kimi biogeosenozların fauna və flora zənginliyi həmin ərazidə yerləşən Təbaşir və Yura çöküntülərinə aid Daşağılçay yatağında 21 növ, Qalaçay yatağında isə 24 növ süxur materiallarının mövcudluğu ilə əlaqədardır.

Tərkibinə 10 %-ə qədər quru maddə, 4,5 %-ə qədər şəkər, 1,2%-ə qədər üzvi turşular, 100 mq-a qədər askorbin turşusu, 0,1% karotin, 0,45% pektin və digər jele maddələri, tiamin, minerallar, fitonsidlər və 2,5%-ə qədər zülal saxlayan, Azərbaycanın Şimal-Qərb regionunda yabanı şəkildə geniş yayılmış  Yergilası (Physalis L.) dərman bitkisinin meyvə və yarpaqlarında ilk dəfə olaraq makro- və mikroelementlər: K, Na, Mg, Ca, Ti, Mn, Cr, Fe, Ni, Cu, Rn, Zn, Zr, Sr, Al, Ba, Nb miqdarı təyin edilmiş, bunlardan K, Na, Mg, Ca, Al elementlərinin digər mikroelementlərə nisbətən daha yüksək olduğu müəyyən edilmişdir.

Kiş çayının Damarçın qolunda bu vaxta qədər adları elmi mənbələrdə qeydə alınmayan və dəniz səviyyəsindən 1668m yüksəklikdə yerləşən, koordinatları N-41˚17`37``; E-47˚15`05`` olan “Xudgər” (hündürlüyü 14,8m), koordinatları N-41˚17`38``; E-47˚17`08`` olan  “Kəndirsallayan” ( hündürlüyü 6,0m) olan şəlalələrinin yerləri müəyyən edilmiş, bu təbiət abidələrinin gələcək Dağ turizminin inkifafında əhəmiyyəti tədqiq olunur.

30 may 2018-ci ildə Şəki İcra Hakimiyyəti ilə birgə “Azərbaycanın Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı, Azərbaycan Xalq Cumhuriyyəti – şərəf və ləyaqət tariximiz” adlı Elmi-nəzəri konfrans keçirilmişdir.

2018-ci ildə Elmi Mərkəz əməkdaşları tərəfindən 1 monoqrafiya, 2 kitab, 3 metodik vəsait və 3 tədris proqramı qrif alınaraq nəşr olunmuşdur. Elmi Mərkəzin elmi işçiləri 2018-ci ildə Türkiyədə - 5, Ukraynada – 1 Beynəlxalq konfranslarda iştirak etmişlər, bir əməkdaşımız Hindistanın Maysuru Mərkəzi İpəkçilik Tədqiqatları və Tədris İnstitutunda (CSRTİ, Maysuru) 30 günlük təlimdə iştirak etmişdir. Əməkdaşlarımız 24 tezis çap etdirmiş, 2-si xaricdə olmaqla 30 elmi jurnalda məqalələr dərc etdirmişlər.

İl ərzində mütəmadi olaraq əldə olunan nəticələr, uğur və nəaliyətlər haqqında AzərTAC-a, “Region Şəki”, “Şəki Bələdiyyəsi” qəzetləri ilə, ARB televiziya kanalı ilə, həmçinin ŞREM-in saytına məlumatlar qoyulmuş, məqalələr dərc edilmişdir.

 

                           AMEA Şəki Regional Elmi Mərkəzi İctimaiyyətlə Əlaqələr şöbəsi

                 Tel: (+99424) 246-17-12; Elektron poçt: shrem@science.az; Elektron sayt: shrem.az