Kamil Fikrət oğlu Adişirinov

Filologiya elmləri doktoru 

 Kamil Fikrət oğlu Adişirinov 1960-cı ildə Şəki rayonunun Oxud kəndində anadan olmuş, ibtidai və orta təhsilini 1967-1977-ci illərdə Oxud kənd səkkizillik və tam orta məktəbində, ali təhsilini isə 1982 - 1987 - ci illərdə S.M.Kirov adına Azərbaycan  Dövlət  Universitetində almışdır.

O, 1998-ci ildən 2001 -ci ilədək Bakı Dövlət Universitetinin, 2005-ci ildən bugünədək isə əvvəl Azərbaycan Müəllimlər İnstitutunun, sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında tam ştat üzrə müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2017-ci ildən isə ADPU-nun Şəki filialının Elmi katibi vəzifəsində çalışmışdır.

 2005-ci ildə o, Şəki Regional Elmi Mərkəzin  “Folklorşünaslıq və el sənətləri” şöbəsinə kiçik elmi  işçi kimi elmi fəaliyyətə cəlb edilərək Şəkinin qədim kəndlərindən olan Oxud, Baş Göynük, Baş Şabalıd, Baş Layısqı kəndlərinin folklor, ədəbi-tarixi, etnoqrafik həyatını araşdırmışdır. Oxud  kəndi üzrə qələmə alınmış materiallar “Qədim türk-Oğuz yurdu Oxud” adı ilə 2006-cı ildə “Nurlan” nəşriyyatında  nəşr edilmişdir. Həmin ildə Kamil Adişirinovun  XIX əsrin II yarısında və XX əsrin əvvəllərində  Şəkidə yaşayıb-yaradan  İsmayıl bəy Nakamın həyat və yaradıcılığını əks etdirən “İsmayıl bəy Nakam: həyatı və bədii yaradıcılığı” adlı  ikinci kitabı  da nəşr olunmuşdur. O, 2007-ci ildən AMEA - nın Nizami adına Ədəbiyyat İnstitutunda “İsmayıl bəy Nakamın həyat və yaradıcılığı” mövzusunda dissertasiya işi yerinə yetirmiş, 2013 - cü ildə həmin institutun İxtisaslaşmış Müdafiə Şurasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır.

 Kamil Adişirinovun “XX əsr Şəki ədəbi - mədəni mühiti” adlı irihəcmli monoqrafiyası 2015-ci ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunmuş, bu tədqiqat əsərində o, bütöv bir yüzillikdə Şəkinin ədəbi-mədəni həyatına dair maraqlı faktları oxucuların diqqətinə çatdırmışdır.

2015 - 2019-cu  illərdə Kamil Adişirinov şəkili yazarlar - Elçin Abdullayevin “Üşüdü qəlbimiz”, Nurpaşa Hümmətovun  “Tanrıdan diləyim”, Tofiq Qaffarovun  “Gözümün işığı, dilimin sözü”, Əhməd Zəyzidlinin “Nədir yaşamaq?”,  Ələşrəf Şayanın “Çəhrayı eynəkdən baxma həyata”, Məmməd Çələbiyevin “İnsan ləyaqəti”, Aynur Təmkinin “İtirilmiş səadət”, Tural Adişirinin “Barmaqda üzük yeri”, Surağat Qurbaninin “Balakən nəğməsi”  adlı kitabları tərtib edərək   geniş “ön söz”lə nəşr etdirmişir.

Onun “Göynük mahalı: siyasi, coğrafi, mədəni tarixi və folkloru”adlı irihəcmli monoqrafiyası 2019-cu ildə, “Yaqub Mahirin poetik irsi” və “Şəki ədəbi mühitində Sabir satira ənənələri” adlı monoqrafiyaları 2020-ci ildə “Elm və təhsil” nəşriyyatında nəşr olunmuşdur.

Kamil Adişirinov  2017-2022-cü illərdə elmlər doktoru hazırlığı proqramı üzrə AMEA - nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qiyabi doktoranturasında təhsil almış, 2023-cü ilin dekabr ayının 21-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İxtisaslaşmış Müdafiə Şurasında “Azərbaycan ədəbiyyatının inkişafında Şəki ədəbi - mədəni mühitinin rolu: 1900-2015-ci illər” mövzusunda doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir. 2024-cü ilin may ayının 8-də Azərbaycan Respub- likasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə ona filologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarı ilə dosent elmi adı almışdır.

K.F.Adişirinovun tədqiqat istiqaməti təkcə irihəcmili kitablarla məhdudlaşmamış, o, Şəkinin ədəbi həyatına dair, xüsusilə XX əsr Şəki ədəbi - mədəni mühiti ilə bağlı respublikanın və xarici ölkələrin nüfuzlu elmi jurnallarında 70-dək maraqlı məqalələrlə çıxış etmişdir. Ədəbiyyatşünaslığımızın elmi-nəzəri əsaslarını mükəmməl bilən bu tədqiqatçı dərin biliyi və tədqiqatçılıq qabiliyyəti ilə bölgə ədəbiyyatının öyrənilməsinə mühüm töhfə vermişdir.

K. F. Adişirinov Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 07 mart 2025-ci tarixli iclasının qərarı ilə AMEA - nın Şəki Regional Elmi Mərkəzinə Elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.