Şəki Regional Elmi Mərkəzin direktoru Yusif Şükürlünün 75 illik yubileyidir
Okt 27, 2023 | 09:42

27 oktyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlünün 75 yaşı tamam olur.

Şükürlü Yusif Hacıbala oğlu 27 oktyabr 1948-ci ildə Azərbaycanın Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. 1954-1958-ci illərdə doğulduğu kəndin ibtidai məktəbində təhsil alıb. Təhsilini Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbində davam etdirib və 1965-ci ildə həmin məktəbi bitirdikdən sonra ADU-nun Fizika fakültəsinə daxil olub. 1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinat üzrə Qəbələ rayonunun Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərini tədris edib. 1973–1974-cü illərdə həmin məktəbin tədris işləri üzrə direktor müavini işləyib.

1974-cü ilin avqust ayından Şəki şəhəri 43 saylı Orta Təhsil verən Texniki Peşə məktəbində fizika müəllimi işləyib və 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. 1975-ci ilin noyabrında Azərb. SSR EA Fizika İnstitutunun nəzdində olan Səki Elmi Bazasına-laborant vəzifəsinə işə qəbul olunub, daha sonra kiçik elmi işçi vəzifəsində fəaliyyətini davam etdirib. Akademiyanin Rəyasət Heyətinin qərarı ilə 1977-ci ilin sentyabrında Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutuna keçirilib, kiçik elmi işçidən, baş elmi işçi vəzifəsinə  qədər yüksəlib.

 24 yanvar 1984-cü il tarixində Azərbaycan Dövlət Universitetinin İxtisaslaşmış Şuranın (K-0540311) iclasında “Fibroinin molekulyar və ifratmolekulyar quruluşuna selenin təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. 1990-2008-ci illərdə Şəki Regional Elmi Mərkəzin "Biofizika" laboratoriyasına rəhbərlik edib.

1992-1996-cı illərdə BDU-nun Şəki filialında baş müəllim, əvəzçi dosent, 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasında əvəzçi dosent, 2008-2014-cü illərdə ADPU-nun Şəki filialının "Təbiət elmləri və onların tədrisi metodikası" kafedrasında əvvəlcə dosent, daha sonra kafedra müdiri vəzifəsində çalışıb.

Yusif Şükürlü AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli iclasının qərarı ilə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Eyni zamanda, Şəki Regional Elmi Mərkəzinin "Biofizika" laboratoriyasının laboratoriyanın elmi fəaliyyətini tənzimləyir.

Yusif Şükürlü respublikamızda və xaricdə nəşr olunan ümumilikdə 95, həmçinin beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda dərc edilən 11 elmi məqalənin, 9 müəlliflik şəhadətnaməsinin və 5 patentin, “Quruluş zülalları” adlı monoqrafiyanın, “İşığın dispersiyası” adlı dərs vəsaitinin müəllifidir. İki dissertantın elmi rəhbəridir.

Yusif Şükürlü təkcə elmi fəaliyyətlə deyil, həmçinin bədii fəaliyyətlə də məşğul olan istedadlı şair, yazıçıdır. O, 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İki bədii kitabın müəllifi olan Yüsif Şükürlünün qoşma, gəraylı, qəzəl, rübai, həmçinin roman, povest və hekayələri təkcə bir yazıçı və şairin deyil, eyni zamanda, bir alimin poetik fantaziyasının sonsuzluğunu əks etdirir. Müəllifin “Yetti” adlı elmi-fantastik romanı Kosmopaleokantakt nəzəriyyəsinə əsaslanır. Əsər insanların Yer planetində təşəkkül tapması kimi mühüm məsələ üzərində qurulub. “Çəhrayı gödəkcə” adlanan ikinci kitabda müəllifin şeirləri və hekayələri yer alıb.

 Şəki Regional Elmi Mərkəzin kollektivi adından Yusif Şükürlünü 75 illik yubileyi münasibətilə təbrik edir, ona sağlıqlı ömür və elmi fəaliyyətində uğurlar arzulayırıq.