“Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib
Okt 19, 2023 | 01:00

19 oktyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin akt zalında “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Şəki Regional Elmi Mərkəzin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü qeyd edib ki, 1991-ci ildə ölkənin daxilində və xaricində baş verən acınacaqlı, mürəkkəb durumu nəzərdən keçirən, dərk edən ziyalılarımız ümummilli lider Heydər Əliyevə üz tutmuş, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək Ulu öndəri ölkənin Prezidenti seçmişdir. O, Heydər Əliyevin hakimiyyətə gəldiyi andan etibarən Azərbaycanda demokratik dövlət yaradılaraq, vətəndaş müharibəsinin qarşısının alındığını, Ermənistanla atəşkəsə nail olunduğunu, Azərbaycan ordusunun yenidən təşkil edildiyini, nizam-intizamın gücləndirildiyini, mühüm siyasi və iqtisadi islahatlara başlanıldığını, beləliklə də inkişafın təməlinin qoyulduğunu  vurğulayıb.

Daha sonra “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin baş elmi işçisi, ped.ü.f.d., professor Firədun İbrahimov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli liderinin rəhbərliyi ilə böyük uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir! Natiq əlavə edib ki, Prezident İlham Əliyevin sayəsində Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan etibarlı şəkildə qorunur və inkişaf etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə 44 gündə ordumuz torpaqlarımızı işğaldan azad etdi, Zəfər əldə olundu. 19 sentyabr 2023-cü ildə antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

“Landşaftşünaslıq” şöbəsinin elmi işçisi Murad Qəhrəmanov “Heydər Əliyev və Azərbaycanın Müstəqillik Məfkurəsi” mövzusunda məruzə edib. Məruzəçi Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın hərtərəfli tərəqqisi, xalqımızın milli, mədəni, tarixi ənənələri, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılması kimi taleyüklü məsələlərdən danışıb, xalqımızın qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdığını bildirib.

“Tarix, arxeologiya və epiqrafika” şöbəsinin kiçik elmi işçisi Aygül Xəlilova “Heydər Əliyevin ideyaları işıqlı gələcəyimizin təminatıdır” mövzusunda çıxış edib. O, çıxışında Heydər Əliyevin yalnız öz dövründə deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, üzaqgörən dövlət xadimi, gələcəyi yaradan, sabaha doğru yol açan fenomenal şəxsiyyət, mütəfəkkir olduğunu vurğulayıb.