AMEA-nın Şəki REM-nin növbəti Elmi Şura iclası keçirilib
Sen 14, 2023 | 12:00

14 sentyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura iclası keçirilib. İclası açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Y.H.Şükürlü Elmi Şuranın işinə uğurlar arzu edərək, iclas iştirakçılarını Elmi Şuranın gündəliyi ilə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Gündəlikdəki birinci məsələ-AMEA-nın Şəki REM-in Elmi Şura strukturunda dəyişikliklər haqqında məlumat verən dosent Yusif Şükürlü ŞREM-in Elmi katibi Elşən Abdurahmanovun öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilməsi barədə müraciət etdiyini bildirib, müraciətlə bağlı müzakirə aparılıb, E.Abdurahmanovun vəzifədən azad edilməsi haqqında qərar qəbul olunub. “Ekoloji biofizika” şöbəsinin elmi işçisi Vəfa Atayevanın Elmi katib vəzifəsinə təyin olunması ilə bağlı qərar qəbul olunub.

Həmçinin, səsvermə nəticələrinə əsasən elmi katib Vəfa Atayeva, baş mühasib Uğur Süleymanov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova Elmi şura üzvlərinə əlavə ediliblər. 

2023-cü il “Heydər Əliyev ili” ilə bağlı Şəki REM tərəfindən nəşrə hazırlanan “Görkəmli dövlət xadimi Heydər Əliyev və Şəki” kitabının ilkin variantının müzakirəsi məsələsi ilə bağlı Şəki REM-in “Tarix, arxeologiya və etnoqrafiya” şöbəsinin baş elmi işçisi, ped. elmləri doktoru, professor Firədun İbrahimov danışıb. Natiq çıxışında kitabın strukturu, burada yer alan fəsil və paraqraflar haqqında məlumat verib, həmçinin, Azərbaycanda istər  Çar Rusiyası, istər Sovet hakimiyyəti dönəmində ipəkçiliyin prioritet istiqamətlərdən biri olduğunu və Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk hakimiyyəti dövründə ipəkçiliyin inkişafının xüsusilə diqqət mərkəzində saxlandığını, qeyd edilən bu və ya digər məsələlərin kitabda əks olunduğunu vurğulayıb.

“Şəki fəhləsi”, İpəkçi” qəzetləri və arxiv materialları əsasında məlumatların  əldə olunması, selektiv seçmə və sistemləşdirmə məsələsi ilə bağlı məlumat “Elmi-texniki informasiya” şöbəsinin baş mütəxəssisi Günel Musayeva, “Sənədlərlə iş” şöbəsinin rəhbəri Namiq Abdurahmanov tərəfindən verilib. “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, f.üzrə fəlsəfə doktoru, dos. Kamil Adışirinov “Şəki fəhləsi”, İpəkçi” qəzetləri və arxiv materiallarından əldə olunan məlumatların sistemləşdirildiyini, elmi təhlilə cəlb olunduğunu və oktyabr ayının sonuna təhvil veriləcəyini diqqətə çatdırıb.

“Landşaftşünaslıq” şöbəsinin rəhbəri, geol.ü.f.d. Hüseyn Mustafabəyli “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin təbii resurslarının landşaft-dioqnostik xüsusiyyətləri” adlı kitabın strukturunu nəzərə çatdırıb. Qeyd edib ki, kitabın yazılmasında bölgələrin iqlim, relyef, hidroloji, torpaq və bitki örtüyünün səciyyəvi xüsusiyyətləri nəzərə alınıb və kitab 2023-cü ilin sonunadək elmi ictimaiyyətə təqdim olunacaq.

Şəki REM-in 50 illik yubileyi ilə bağlı nəşrə hazırlanan kitablar haqqında “Elmi-texniki informasiya” şöbəsinin baş mütəxəssisi Günel Musayeva məlumat verərək bildirib ki, bu il ərzində Şəki REM-də 6 kitab çapı nəzərdə tutulub, bunlardan ikisi artıq nəşr olunub, digər 4 kitab isə bu ilin sonuna qədər nəşr olunacaqdır.

“İctimaiyyətlə əlaqələr” şöbəsinin rəhbəri Reyhan Mənəfova Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və “Azərbaycançılıq” ideyalarının daha dərindən öyrənilməsi” mövzusunda tədbirin 2023-cü ilin sentyabr ayının sonunda  təşkil edilə biləcəyini nəzərə çatdırıb, tədbirin təşkil olunması barədə müvafiq qərar qəbul edilib.