Avg 23, 2023 | 12:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ekoloji coğrafiya” şöbəsində şimal-qərb bölgəsinin ekosistemlərinin araşdırılması, ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri nəticəsində mühüm elmi yenilik əldə olunub.
Belə ki, 2023-cü ilin avqust ayında “Ekoloji coğrafiya” şöbəsinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Kiş çayının Damarçın qolunun sağ sahilində yerləşən “Meşəbaşı” şəlaləsi qeydə alınıb. “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Yusif Rəhimovun verdiyi məlumata görə, yerli əhali tərəfindən “Meşəbaşı” adlandırılan bu şəlalə dəniz səviyyəsindən 1696 m hündürlükdə yerləşir, 13 metr hündürlükdən tökülür, hələlik elmi mənbələrdə qeydə alınmayıb. Meşəbaşı şəlaləsi bol sulu olması ilə yanaşı, öz bənzərsizliyi ilə regionda ekoturizmin inkişaf etdirilməsi baxımından perspektivli təbiət abidəsidir. Meşəbaşı şəlaləsi AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ekoloji coğrafiya” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev tərəfindən 2023-cü ildə Kiş çayı və qolları üzərində aparılan tədqiqatlar zamanı qeydə alınıb.
Meşəbaşı şəlaləsi haqqında məlumatlar 2023-cü il avqust ayının 22-də “Vikipediya” azad ensiklopediyasında yerləşdirilib. Məqalə “Vikipediya”da AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilati dəstəyi ilə Azərbaycan və ingilis dillərində yaradılıb.