Yan 19, 2017 | 12:24
AMEA-sı Şəki Regional Elmi Mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən ŞREM-in əməkdaşı Yusif Rəhimov deyib ki, 27 il əvvəl bacı və qardaşlarımız Azərbaycanın dövlət müstəqilliyinə nail olması üçün canlarından keçiblər. Onun sözlərinə görə, nəinki 20 Yanvar, o cümlədən Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanların həyatı müasir gənclik üçün örnəkdir: “Milli və mənəvi dəyərlərimizin mühafizə olunmasında, gənc nəslə çatdırılmasında dövlətimizlə yanaşı, mənəviyyat adamları, ziyalılar da əlindən gələni etməlidir”.
Hüseyn Mustafabəyli öz fikirlərini belə ifadə etdi: “20 Yanvar faciəsi əslində Azərbaycanda vətəndaş müharibəsi etmək istəyənlərin planlarının başlanğıcı idi”. Natiq öz nitgində o zaman yaşadığı hadisələrdən, xalqımızın başına gətirilən müsibətlərdən danışdı.
ŞREM-in müdüri Yusif Şükürlü çıxış edərək, qanlı 20 yanvar hadisələri barədə məlumat verib və həmin hadisələr zamanı sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirib. O qeyd edib ki, bu qəddarlığı həyata keçirən sovet rejimi Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olsa da, öz məqsədinə çata bilməyərək, tam iflasa uğrayıb və Azərbaycan öz dövlət müstəqilliyini tezliklə bərpa edib.
Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan natiq, Azərbaycanın mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini deyib və ölkənin müstəqilliyinin güclü və dönməz xarakter aldığını diqqətə çatdırıb.
Sonda R. Middadqızı Bəxtiyar Vahabzadənin - Axi,dünya fırlanır şeirini oxuyub.