“Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı anım tədbiri keçirilib
Sen 25, 2026 | 12:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzində Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı anım tədbiri keçirilib.
Əvvəlcə Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Şəki Regional Elmi Mərkəzin direktoru, dosent Kamil Adışirinov açıb. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini bildirib. Şəhidlərin qəhrəmanlığının gələcək nəsillər üçün vətənpərvərlik və milli həmrəylik nümunəsi olduğunu vurğulayıb və sözü Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyevə verib.
Elçin Vəliyev “Zəfərə gedən yol: Şəhidlərimizin qəhrəmanlıq salnaməsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizənin tarixi mərhələlərindən, Qarabağ müharibələrində şəhidlərin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub.
Sonda məruzəçi şəhidlərimizin Vətən uğrunda göstərdikləri şücaət və onların keçdiyi qəhrəmanlıq yolunun xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib.