AMEA-nın Şəki Regional Elmi Mərkəzində Elmi Şura iclası keçirilib
Sen 25, 2026 | 03:00
Sen 25, 2026 | 03:00
25 sentyabr 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində növbəti Elmi Şura iclası keçirilib.
İclasda 12 nəfər Elmi Şura üzvü, şöbə rəhbərləri və elmi işçilər iştirak ediblər.
Şəki Regional Elmi Mərkəzin direktoru, fil.e.d., dosent Kamil Adışirinov iclası açaraq Elmi Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Gündəlik səsə qoyularaq qəbul olunub.
İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 20 avqust 2026-cı il tarixli Sərəncamının icrası ilə bağlı AMEA Rəyasət Heyətinin 17 sentyabr 2026-cı il tarixli 17/1 saylı qərarı barədə məsələ müzakirə olunub.
Məsələ ilə bağlı Arxeologiya və etnoqrafiya şöbəsinin rəhbəri Elşən Abdurahmanov çıxış edib.
Çıxışında Şimal-Qərb bölgəsinin zəngin tarixi-mədəni irsi, etnoqrafik müxtəlifliyi və qədim yaşayış məskənlərinin turizmin inkişafı baxımından yaratdığı imkanlardan bəhs edən Elşən Abdurahmanov bu potensialın elmi əsaslarla öyrənilməsi, qorunması və turizm dövriyyəsinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Şöbə rəhbəri bölgənin beynəlxalq turizm yolları üzərində yerləşməsinin tarixi-mədəni irsin tanıdılması və regionun turizm imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Bu istiqamətdə elmi-tədqiqat müəssisəsində şöbələrin iştirakı ilə müxtəlif layihələrin hazırlanmasının vacibliyini qeyd edib.
Elşən Abdurahmanov arxeoloji qazıntıların aparıldığı ərazilərdə açıq muzeylərin yaradılması və həmin məkanların mövcud turizm marşrutlarına daxil edilməsi ilə bağlı təkliflərini səsləndirib. Onun fikrincə, bu cür yanaşma qədim yaşayış məskənlərinin və arxeoloji irsin ziyarətçilərə daha əyani şəkildə təqdim olunmasına imkan verə bilər.
Çıxış zamanı bölgənin zəngin etnoqrafik irsinin turizm imkanlarının genişləndirilməsi baxımından istifadəsinə dair də bir sıra təkliflər irəli sürülüb. Xüsusilə ailə ənənələri və məişət mədəniyyəti ilə bağlı etnoqrafik adətlərin qorunması və təbliği, onların turistlərə nümayiş etdirilməsi, eləcə də milli mətbəx nümunələrinin təqdim olunması istiqamətində imkanların dəyərləndirilməsinin vacibliyi qeyd edilib.
Elşən Abdurahmanov bölgənin tarixi-mədəni və etnoqrafik irsinin turizm məhsuluna çevrilməsi prosesində elmi yanaşmanın, bu sahədə kompleks layihələrin hazırlanmasının mühüm rol oynadığını bildirib.
İclasda Bitkilərin biomüxtəlifliyi və genefond şöbəsinin rəhbəri, bio.ü.f.d. Fərhad Əzizov tərəfindən hazırlanmış konseptual turizm modeli də təqdim olunub.
Fərhad Əzizov qeyd edib ki, təqdim etdiyi model Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı Dövlət Proqramı, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları, eləcə də əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qəbul edilmiş qərar və sənədlərin əsas müddəaları nəzərə alınmaqla hazırlanıb.
Təqdimat zamanı regionun təbii və bioloji müxtəlifliyindən, mövcud resurslardan səmərəli istifadə imkanlarından və onların turizm potensialının inkişafında rolundan bəhs olunub. Konseptual modeldə turizmin inkişafının yalnız istirahət və səyahət imkanlarının genişləndirilməsi ilə məhdudlaşmaması, eyni zamanda regionun təbii, elmi, mədəni və sosial-iqtisadi resurslarının kompleks şəkildə dəyərləndirilməsi nəzərdə tutulub.
Təqdim edilən modeldə təbiətə əsaslanan turizm, elmi-maarifləndirici turizm və yerli resursların turizm dövriyyəsinə cəlb edilməsi istiqamətlərinin inkişaf etdirilməsi imkanları diqqətə çatdırılıb. Eyni zamanda belə layihələrin həyata keçirilməsinin region əhalisinin məşğulluğuna və yeni iqtisadi imkanların yaradılmasına töhfə verə biləcəyi qeyd olunub.
İclasda Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli də turizmin inkişafı ilə bağlı təkliflərini səsləndirib.
O, Şəkinin zəngin tarixi-mədəni irsinin turizm imkanlarının genişləndirilməsində daha fəal istifadəsinin vacibliyini qeyd edib. Bu baxımdan, Şəki xanları – Çələbi xan, Hüseyn xan Müştaq, Məhəmmədhəsən xan və Səlim xanın heykəllərinin Şəki Xan Sarayının ətrafındakı ərazilərdə yerləşdirilməsini təklif edib.
Bildirib ki, belə bir təşəbbüs Şəki xanlığının tarixi şəxsiyyətlərinin tanıdılmasına, şəhərin tarixi-mədəni simasının zənginləşdirilməsinə və turistlər üçün yeni maraq obyektlərinin formalaşdırılmasına xidmət edə bilər. Eyni zamanda heykəllərin yerləşdirildiyi məkanların müvafiq məlumat lövhələri və tarixi məlumatlarla təmin olunmasının ziyarətçilərin Şəkinin tarixi haqqında daha ətraflı məlumat əldə etməsinə imkan yaradacağı vurğulanıb.
Təkliflər ətrafında fikir mübadiləsi aparılıb və onların turizm konsepsiyası çərçivəsində dəyərləndirilməsi məqsədəuyğun hesab olunub.
Daha sonra Azərbaycan dövlətinin beynəlxalq imicinə, tarixinə və mədəniyyətinə qarşı aparılan mənfi təbliğatın qarşısının alınması və neytrallaşdırılmasına dair Fəaliyyət Planının təsdiq edilməsi haqqında 31 iyul 2026-cı il tarixli Sərəncamın icrası ilə bağlı AMEA Rəyasət Heyətinin 17 sentyabr 2026-cı il tarixli 17/2 saylı qərarı barədə Şəki REM-in “Tarix və epiqrafika” şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov çıxış edib.
O, Azərbaycanın zəngin tarixinin və çoxəsrlik mədəni irsinin beynəlxalq ictimaiyyətə düzgün, obyektiv və elmi əsaslarla çatdırılmasının əhəmiyyətindən bəhs edib. Məruzəçi Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair elmi araşdırmaların, tarixi abidələr və epiqrafik nümunələr haqqında məlumatların geniş auditoriyaya çatdırılmasının ölkəmizin tarixi-mədəni irsinin tanıdılması baxımından mühüm rol oynadığını vurğulayıb.
Şöbə rəhbəri tarixi və mədəni irslə bağlı hazırlanmış elmi və maarifləndirici materialların müasir informasiya texnologiyalarından istifadə edilməklə daha geniş auditoriyaya təqdim olunmasını təklif edib. Bu baxımdan, Şəki REM-in YouTube kanalında Azərbaycan tarixi, mədəni irsi, tarixi abidələri və elmi tədqiqatların nəticələri haqqında ingilis dilində məlumatlandırıcı video materialların yerləşdirilməsinin məqsədəuyğun olduğunu bildirib.
Rahim Həsənov qeyd edib ki, ingilis dilində hazırlanacaq belə materiallar Azərbaycanın tarixi və mədəniyyəti haqqında obyektiv məlumatların xarici auditoriyaya çatdırılmasına, elmi və mədəni irsin beynəlxalq səviyyədə tanıdılmasına imkan yarada bilər.
İclasın növbəti məsələsi AMEA Rəyasət Heyətinin 17 sentyabr 2026-cı il tarixli 17/17 və 17/18 saylı qərarlarına əsasən Şəki Regional Elmi Mərkəzində yeni vəzifə təyinatları ilə bağlı olub.
Məsələ barədə direktor Kamil Adışirinov məlumat verib. O bildirib ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarları ilə Vəfa Atayeva AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, Ayşən Salmanova isə Şəki REM-in elmi katibi vəzifəsinə təsdiq ediliblər.
Direktor yeni vəzifələrə təsdiq olunan əməkdaşları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Direktor qeyd edib ki, elmi işlər və rəqəmsal inkişaf, eləcə də elmi katiblik istiqamətində qarşıya qoyulan vəzifələrin səmərəli icrası Şəki REM-də elmi fəaliyyətin daha da təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin koordinasiyası və müasir rəqəmsal imkanlardan istifadənin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Daha sonra Şəki REM-in Rəqəmsallaşma və süni intellekt şöbəsinin rəhbəri Namiq Abdurahmanov "Ədəbi-mədəni mühitin və folklorun süni intellekt əsasında rəqəmsallaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ədəbi-mədəni irsin və folklor nümunələrinin müasir rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt imkanlarından istifadə edilməklə qorunması, sistemləşdirilməsi və rəqəmsal mühitdə əlçatanlığının artırılması məsələlərinə toxunulub.
İclasın sonunda cari məsələlərə baxılıb və gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.








