AMEA-da Şəki Regional Elmi Mərkəzinin gələcək fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib
İyl 29, 2026 | 11:00

AMEA-nın Rəyasət Heyətində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə Şəki Regional Elmi Mərkəzinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə çıxış edən akademik İsa Həbibbəyli regionlarda elmi fəaliyyətin dəstəklənməsi və alimlərin elmi potensialının inkişafının Akademiyanın prioritet istiqamətlərindən biri olduğunu bildirib və qeyd edib ki, bu, ümumilikdə regionların sosial-iqtisadi tərəqqisinə Azərbaycan elminin töhfəsidir. Akademik İsa Həbibbəyli vurğulayıb ki, çoxillik zəngin elmi ənənələri olan Şəki Regional Elmi Mərkəzinin fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi, humanitar və ictimai yönümlü tədqiqatların keyfiyyətinin yüksəldilməsi, regionun elmi potensialından daha səmərəli istifadə edilməsi və prioritet istiqamətlər üzrə tədqiqatların genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. 

AMEA-nın bütün elmi-tədqiqat müəssisələrində olduğu kimi, Şəki Regional Elmi Mərkəzində də müasir dövrün çağırışlarına və Akademiyanın yeniləşmə mərhələsinə uyğun islahatların aparılmasının əhəmiyyətini bildirən akademik İsa Həbibbəyli gənc alimlərin elmi fəaliyyətə daha fəal cəlb edilməsinin, ali təhsil müəssisələri və digər elmi qurumlarla əməkdaşlığın genişləndirilməsinin, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə toxunub. AMEA rəhbəri qeyd edib ki, Elmi Mərkəzin fəaliyyətində Şəki-Zaqatala iqtisadi rayonunun zəngin tarixi-mədəni irsi, tarixi, ədəbiyyatı, arxeologiyası, folkloru, yumoru, təbii sərvətləri və biomüxtəlifliyinin tədqiqi prioritet istiqamətlərdən biri olaraq qalmalıdır. 

Sonra çıxış edən Şəki Regional Elmi Mərkəzinin direktoru filologiya elmləri doktoru dosent Kamil Adışirinov bildirib ki, mərkəzdə regionun tarixinin, arxeologiyasının, etnoqrafiyasının, folklorunun, biomüxtəlifliyinin və təbii ehtiyatlarının öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri davam etdirilir. O, görülmüş işlər, əldə olunan elmi nəticələr, həyata keçirilən layihələr, eləcə də qarşıda duran vəzifələr barədə ətraflı danışaraq mərkəzin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.

Sonda Şəki Regional Elmi Mərkəzinin gələcək fəaliyyət istiqamətləri, qarşıda duran prioritet vəzifələr və həyata keçiriləcək tədbirlər müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.

Müşavirədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da çıxış edərək müvafiq fikir və mülahizələrini bildiriblər.