Şəki REM-də Elmi Şuranın növbəti iclası keçirilib
İyl 23, 2026 | 03:39
İyl 23, 2026 | 03:39
23 iyul 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində növbəti Elmi Şura iclası keçirilib.
İclasda Elmi Şuranın 11 üzvü, şöbə rəhbərləri və elmi işçilər iştirak ediblər.
İclası giriş sözü ilə açan Şəki REM-in direktoru, fil.e.d., dosent Kamil Adışirinov gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasın əsas müzakirə mövzusu AMEA-da elmi fəaliyyətin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi olub.
AMEA Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin fəaliyyətinin bal sistemi əsasında qiymətləndirilməsi haqqında” 17 iyun 2026-cı il tarixli 15/2 saylı qərarı ilə bağlı Şəki REM-in direktoru, dosent Kamil Adışirinov çıxış edərək qərarın əsas müddəaları və tətbiqi mexanizmləri barədə ətraflı məlumat verib. O bildirib ki, yeni qiymətləndirmə sistemi elmi fəaliyyətin daha obyektiv və şəffaf meyarlar əsasında dəyərləndirilməsinə xidmət edir. Direktor qərarın tətbiqi zamanı müxtəlif elm sahələrinin xüsusiyyətlərinin, əməkdaşların funksional vəzifələrinin və elmi nəticələrinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, iclas iştirakçılarını qərarla bağlı təklif və rəylərini səsləndirməyə dəvət edib və bildirilən təkliflərin ümumiləşdirilərək aidiyyəti üzrə təqdim ediləcəyini qeyd edib.
Professor Firədun İbrahimov çıxışında qeyd edib ki, elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi yalnız elmi dərəcə və elmi ad əsasında deyil, hər bir əməkdaşın tutduğu vəzifə, funksional öhdəlikləri və il ərzində yerinə yetirdiyi işlərin həcmi nəzərə alınmaqla aparılmalıdır. Onun sözlərinə görə, eyni qiymətləndirmə meyarlarının müxtəlif vəzifə və funksyalara malik əməkdaşlara tətbiqi obyektiv nəticə vermir. Bu baxımdan, elmi müəssisələrdə vəzifələr üzrə qruplaşdırma aparılmalı, hər bir vəzifənin əsas funksiyaları dəqiq müəyyənləşdirilməli və qiymətləndirmə həmin funksiyaların icra səviyyəsinə uyğun həyata keçirilməlidir.
Professor vurğulayıb ki, əməkdaşın yerinə yetirdiyi elmi, elmi-təşkilati və digər fəaliyyət istiqamətləri arasında diferensial yanaşma tətbiq olunmalı, hər bir fəaliyyət növü öz əhəmiyyətinə uyğun qiymətləndirilməlidir. O, həmçinin bildirib ki, qiymətləndirmə meyarlarının hazırlanması zamanı qüvvədə olan əsasnamələrin tələbləri əsas götürülməli, hər bir struktur bölmənin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaldır. Onun fikrincə, bu yanaşma həm qiymətləndirmədə şəffaflığı və obyektivliyi təmin edəcək, həm də elmi işçilərin fəaliyyətinin daha səmərəli təşviqinə xidmət edəcəkdir.
Elmi katib Vəfa Atayeva çıxışında diqqətə çatdırıb ki, qiymətləndirmə meyarları hazırlanarkən müəssisədə elmi fəaliyyətlə məşğul olan, lakin elmi işçi vəzifəsində çalışmayan əməkdaşlar da nəzərə alınmalıdır. O bildirib ki, bu kateqoriyaya daxil olan əməkdaşlar müxtəlif elmi-təşkilati işlərin həyata keçirilməsində, layihələrin icrasında, elmi tədbirlərin təşkilində, eləcə də elmi nəşrlərin hazırlanması və digər elmi fəaliyyət istiqamətlərində fəal iştirak edirlər. Buna baxmayaraq, onların fəaliyyətinin qiymətləndirilməsi üçün ayrıca meyarlar müəyyən edilmədiyindən əməyinin obyektiv dəyərləndirilməsi mümkün olmur.
Vəfa Atayeva təklif edib ki, elmi fəaliyyətə töhfə verən, lakin elmi işçi statusuna malik olmayan əməkdaşların funksional vəzifələri nəzərə alınmaqla onlar üçün ayrıca qiymətləndirmə meyarları hazırlansın. Onun sözlərinə görə, bu yanaşma həm əməkdaşların əməyinin obyektiv qiymətləndirilməsinə, həm də onların elmi-təşkilati fəaliyyətə marağının və motivasiyasının artırılmasına xidmət edəcək.
Mövzu ilə bağlı çıxış edən Ekoloji biofizika şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İlqar İsmayılov məqalə, monoqrafiya və digər elmi nəşrlərin qiymətləndirilməsi ilə bağlı mövcud meyarlar barədə fikirlərini bölüşüb. O bildirib ki, beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda dərc olunan hər bir məqaləyə görə 15 bal nəzərdə tutulur. Bu baxımdan, üç belə məqalə dərc etdirən müəllifin toplamalı olduğu 45 balın 40 ballıq məhdudiyyət səbəbindən tam nəzərə alınmaması məqsədəuyğun deyil. İlqar İsmayılov bu məhdudiyyətin aradan qaldırılmasını və üç beynəlxalq məqaləyə görə ümumilikdə 45 balın tam şəkildə hesablanmasını təklif edib. Həmçinin xarici və ölkədaxili, eləcə də onlayn və oflayn konfransların fərqli meyarlarla qiymətləndirilməsinin, praktik əhəmiyyət daşıyan kiçik nəşrlər və elmi rəylər üçün də ayrıca qiymətləndirmə meyarlarının müəyyən edilməsinin vacibliyini vurğulayıb. O, 2026-cı il üçün nəzərdə tutulan qiymətləndirmə meyarlarının 2027-ci ildə tətbiq olunub-olunmayacağı ilə bağlı məsələyə aydınlıq gətirilməsini təklif edib.
Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov çıxışında elmi nəşrlərin qiymətləndirilməsi zamanı elm sahələrinin xüsusiyyətlərinin mütləq nəzərə alınmasının vacibliyini vurğulayıb. O bildirib ki, texniki və təbiət elmləri sahəsində nəşr olunan kitablarla humanitar elmlər üzrə hazırlanan əsərlər arasında həcm və məzmun baxımından ciddi fərqlər mövcuddur. Bu səbəbdən kitabların qiymətləndirilməsi zamanı yalnız ümumi meyarların deyil, həm də əsərin həcmi, vərəq sayı və elm sahəsinin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.
Rahim Həsənov, həmçinin qeyd edib ki, elmi fəaliyyətin qiymətləndirilməsində əsas üstünlük elmi nəticələrə və tədqiqat məhsullarına verilməlidir. Bu baxımdan, mediada çıxışlara görə nəzərdə tutulan balların azaldılması, əvəzində elmi nəşrlərin və fundamental tədqiqatların daha yüksək qiymətləndirilməsi məqsədəuyğun olardı. O, eyni zamanda Elmi Şura üzvlərinin iclaslarda və elmi idarəetmə prosesndə fəal iştirakının da bal sistemi əsasında qiymətləndirilməsini təklif edərək bunun elmi-təşkilati fəaliyyətin stimullaşdırılmasına töhfə verəcəyini bildirib.
Bitkilərin biomüxtəlifliyi və genefond şöbəsinin müdiri, bio.ü.f.d. Fərhad Əzizov çıxışında qeyd edib ki, elmi işçilərin fəaliyyətinin obyektiv qiymətləndirilməsi üçün ilk növbədə hər bir şöbənin fəaliyyət istiqamətləri və vəzifələri dəqiq müəyyənləşdirilməlidir. O bildirib ki, müxtəlif profilli şöbələr eyni fəaliyyət sahəsinə malik olmadığından, vahid qiymətləndirmə meyarlarının tətbiqi hər zaman real nəticələri əks etdirmir. O, hər bir şöbənin əsasnaməsinin yenidən işlənib hazırlanmasının və qiymətləndirmə meyarlarının həmin əsasnamələrə uyğun tərtib edilməsinin daha məqsədəuyğun olacağını bildirib.
Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Ələddin Sultanov həmmüəllifliklə dərc olunan elmi məqalələrin qiymətləndirilməsi meyarlarının da dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, son illərdə elmi tədqiqatların əksəriyyəti müxtəlif elm sahələri üzrə mütəxəssislərin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəldiyindən həmmüəlliflik elmi fəaliyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. Buna görə də belə məqalələrin qiymətləndirilməsi zamanı müəlliflərin elmi töhfəsinin obyektiv şəkildə nəzərə alınması üçün aydın meyarların hazırlanmasına ehtiyac var.
Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova baş laborantların əməyinin qiymətləndirilməsi üçün ayrıca meyarların hazırlanmasını, həçinin patent fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı konkret meyarların müəyyən edilməsini təklif edib.
Müzakirələr zamanı səsləndirilən təklif və rəylərin ümumiləşdirilərək aidiyyəti üzrə təqdim olunması qərara alınıb.
Daha sonra gündəlikdəki cari məsələ kimi Şəki REM-in əməkdaşı, dosent Qüdürət Bəkirovun həmmüəllifi olduğu “Bolqar süni yeminin (Çau) hazırlanması, Bombyx mori L. ipəkqurdlarının inkubasiyası və qidalandırılması üzrə metodiki təlimat” adlı kitabın nəşri məsələsi müzakirə olunub. Müzakirələr zamanı nəşrin elmi və praktik əhəmiyyəti qeyd edilib, kitabın müəyyən olunmuş qaydada rəyə təqdim edilməsi məqsədəuyğun hesab olunub. Elmi Şura tərəfindən əsərin müvafiq mütəxəssislərdən rəy alınması üçün təqdim edilməsi barədə qərar qəbul edilib.
İclasın sonunda Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayevə şöbənin həyata keçirdiyi ekoloji monitorinqlərdə, çöl-tədqiqat ekspedisiyalarında və elmi araşdırmalarda fəal iştirakına görə Şəki Regional Elmi Mərkəzinin rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təqdim edilib.








