Sözün məsuliyyəti, həqiqətin ünvanı
İyl 22, 2026 | 12:30
İyl 22, 2026 | 12:30
1875-ci il iyulun 22-də görkəmli maarifçi, ziyalı və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının təməlini qoydu. Bu qəzet xalqın maariflənməsi, milli şüurun formalaşması və cəmiyyətin doğru informasiya ilə təmin olunması yolunda mühüm tarixi missiya həyata keçirdi.
Məhz bu şərəfli yolun başlanğıcının rəmzi olaraq ölkəmizdə 22 iyul tarixi Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar gün sözün dəyərinin, peşəkar jurnalistikanın, obyektiv və operativ informasiyanın cəmiyyətdəki rolunun bir daha xatırlandığı mühüm tarixlərdən biridir.
Bu gün Azərbaycan mətbuatı zəngin ənənələrə söykənərək müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf edir. Sözün məsuliyyətini dərk edən jurnalistlər, media nümayəndələri və ictimaiyyətlə əlaqələr sahəsində çalışan mütəxəssislər cəmiyyətin düzgün məlumatlandırılması, şəffaf ünsiyyətin qurulması və etibarlı informasiya mühitinin formalaşdırılması istiqamətində mühüm fəaliyyət göstərirlər.
Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsi də bu missiyanın tərkib hissəsi olaraq fəaliyyətini şəffaflıq, operativlik və ictimai maraqların qorunması prinsipləri əsasında qurur. Şöbənin əsas məqsədlərindən biri Mərkəzin elmi fəaliyyəti, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə ictimaiyyətə dolğun və obyektiv məlumatların çatdırılması, cəmiyyətlə etibarlı informasiya əlaqəsinin yaradılmasıdır.
Şöbənin əməkdaşları elmi şura iclaslarında fəal iştirak edir, elmi seminar və konfranslarda çıxışlar edərək fikir və təcrübələrini bölüşür, şəhər və rayon miqyasında keçirilən ictimai tədbirlərdə Mərkəzi layiqincə təmsil edirlər.
Peşəkar fəaliyyətləri, məsuliyyətli yanaşmaları və ictimaiyyətlə əlaqələrin inkişafına verdikləri töhfələrə görə İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları dəfələrlə Təşəkkürnamə, Fəxri Fərman və müxtəlif sertifikatlarla təltif olunmuşlar.
Böyük fəxrlə qeyd edirik ki, şöbəmizin əməkdaşları sırasında Vətən müharibəsi iştirakçısı da var. Bu, kollektivimiz üçün xüsusi qürur mənbəyidir və əməkdaşlarımızın vətənpərvərlik ruhunun, milli dəyərlərə bağlılığının bariz nümunəsidir.
Həyata keçirilən tədbirlərin, əldə olunan nəticələrin və elmi fəaliyyət istiqamətlərinin ictimaiyyətə çatdırılmasında media ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Kütləvi informasiya vasitələri və media nümayəndələri ilə qurulan qarşılıqlı etimada əsaslanan münasibətlər sayəsində məlumatların operativ, dəqiq və obyektiv şəkildə yayılması təmin olunur.
Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsi olaraq hesab edirik ki, peşəkar kommunikasiya, açıq informasiya siyasəti və qarşılıqlı əməkdaşlıq müasir dövrdə uğurlu fəaliyyətin vacib istiqamətlərindəndir. Bu baxımdan media qurumları və jurnalistlərlə əməkdaşlığımızı daim inkişaf etdirməyə, ictimaiyyətlə əlaqələrimizi daha da möhkəmləndirməyə çalışırıq.
Milli Mətbuat Günü münasibətilə sözün məsuliyyətini daşıyan bütün jurnalistləri, media nümayəndələrini və informasiya sahəsində çalışan həmkarlarımızı ürəkdən təbrik edirik.
Hər bir media əməkdaşına möhkəm cansağlığı, tükənməz enerji, yaradıcılıq uğurları və peşə fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.
Peşə bayramınız mübarək, əziz həmkarlarımız.
22 İyul – Milli Mətbuat Gününüz mübarək.
Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə
əlaqələr şöbəsi








