Şəkinin Orta Zəyzid kəndində eroziya prosesləri üzrə ekoloji monitorinq aparılıb
İyl 16, 2026 | 01:00
İyl 16, 2026 | 01:00
16 iyul 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev Şəkinin Orta Zəyzid kəndində ekoloji monitorinq aparıb. Bu barədə shrem.az saytına şöbə müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayev məlumat verib.
O bildirib ki, monitorinq zamanı kəndin cənub-şərq hissəsində intensiv inkişaf edən yarğanəmələgəlməsi və eroziya prosesləri tədqiq olunub.
Müşahidələr zamanı eroziya nəticəsində torpaq uçqunlarının baş verdiyi, iri gövdəli ağacların kök sisteminin aşındığı və ağacların aşdığı müəyyən olunub.
Bildirilib ki, yaranmış dərədə əsasən sarı torpaq və aşınmış gil şist materiallarından ibarət gətirmə konusları toplanıb. Bu konusların hündürlüyü bəzi sahələrdə 1,70 metrə çatıb.
Həmçinin qeyd olunub ki, eroziyanın baş verdiyi dağətəyi sahələrdə torpaq qatının nisbətən bərkiməsinə baxmayaraq, süxurlar əsasən yumşaq sarı torpaq və aşınmış gil şistlərindən ibarətdir. Bərk və dayanıqlı süxur qatlarının isə demək olar ki, olmaması torpaq sürüşməsi və eroziya proseslərinin daha intensiv inkişafı üçün əlverişli şərait yaradır.
Monitorinq çərçivəsində ərazidə yaranmış dərələrdə ölçmə işləri də aparılıb. Ölçmələr nəticəsində eroziya prosesləri nəticəsində formalaşan kiçik dərənin dərinliyinin 3,0–3,20 metr, eninin 4–5 metr, uzunluğunun isə təxminən 300–350 metr olduğu müəyyən edilib.
Qafqaz Ağabalayev qeyd edib ki, bu göstəricilər ərazidə eroziya proseslərinin aktiv xarakter daşıdığını təsdiqləyir. Onun sözlərinə görə, gələcəkdə bu proseslərin yaşayış məntəqələrinə, kənd təsərrüfatı torpaqlarına və bitki örtüyünə mənfi təsirinin qarşısını almaq üçün mütəmadi monitorinqlərin aparılması zəruridir.








