Şəkidə "Klassik poeziyanın Şamaxıdan doğan günəşi - Xaqani Şirvani" mövzusunda dəyirmi masa keçirilib
İyl 10, 2026 | 01:52
İyl 10, 2026 | 01:52
10 iyul 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı və Şəki şəhər İ. Nakam adına Mərkəzi Kitabxananın dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamının və AMEA Rəyasət Heyətinin müvafiq qərarının icrası çərçivəsində "Klassik poeziyanın Şamaxıdan doğan günəşi Xaqani Şirvani" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Şəki Regional Elmi Mərkəzin əməkdaşları, Şəki şəhər İ. Nakam adına Mərkəzi Kitabxananın kollektivi, şəhər ziyalılar və ədəbiyyatsevərlər iştirak ediblər.
Tədbiri açan AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fil.e.d., dosent Kamil Adışirinov "Xaqani Şirvaninin XII əsr Azərbaycan poeziyasında yeri və rolu" mövzusunda geniş məruzə edib. Bildirib ki, Xaqani Şirvani XII əsr Azərbaycan intibahının ən görkəmli söz ustalarından biri olmaqla, zəngin bədii-fəlsəfi irsi və yüksək poetik sənətkarlığı ilə Şərq ədəbiyyatında özünəməxsus mövqe qazanıb. Məruzəçi şairin yaradıcılığının dövrünün ictimai-siyasi, fəlsəfi və mənəvi mühitini əks etdirməklə yanaşı, ümumbəşəri ideyaları, humanizm, ədalət, elm və mənəvi kamillik kimi dəyərləri tərənnüm etdiyini qeyd edib.
O, Xaqani Şirvaninin Azərbaycan poeziyasında klassik ənənələrin inkişafına verdiyi töhfələr, poetik dilin zənginləşdirilməsində, bədii təsvir və ifadə vasitələrinin təkmilləşdirilməsində, qəsidə və qəzəl janrlarının inkişafındakı xidmətlərini, şairin yaradıcılığının sonrakı dövrlərdə yetişən bir çox Azərbaycan və Şərq şairlərinə təsir göstərdiyini xüsusi vurğulayıb.
Tədbirdə şair Almaz Məmmədovanın "Xaqani Şirvani və saray mühiti" mövzusunda məruzəsi dinlənilib. O, çıxışında Xaqani Şirvaninin yaşayıb-yaratdığı ictimai-siyasi mühit, onun Şirvanşahlar sarayı ilə əlaqələri və bu mühitin şairin yaradıcılığına təsirindən bəhs edib. Bildirilib ki, Xaqani Şirvani saray mühitində fəaliyyət göstərməsinə baxmayaraq, əsərlərində dövrün ictimai ziddiyyətlərini, mənəvi-əxlaqi problemlərini və insan taleyinə dair fəlsəfi düşüncələrini yüksək bədii ustalıqla əks etdirib.
Şəki Regional Elmi Mərkəzin Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi işçisi Təranə Abdullayeva "Xaqani Şirvani yaradıcılığında əxlaqi-nəsihətamiz motivlər" mövzusunda çıxış edib. Məruzəçi Xaqani Şirvaninin poetik irsində əxlaqi-fəlsəfi düşüncələrin aparıcı yer tutduğunu bildirib. Qeyd edib ki, şair əsərlərində insanın mənəvi kamilliyini, vicdan, mərhəmət, ədalət və xeyirxahlıq kimi ali dəyərləri yüksək sənətkarlıqla tərənnüm edib. Təranə Abdullayeva Xaqaninin nəsihətamiz fikirlərinin yalnız öz dövrü üçün deyil, müasir cəmiyyət üçün də əhəmiyyətini qoruyub saxladığını diqqətə çatdırıb. Məruzəçi şairin yaradıcılığında mənəvi dəyərlərin bədii-fəlsəfi baxımdan ifadə olunmasının onun sənətkar qüdrətini səciyyələndirən əsas cəhətlərdən biri olduğunu nəzərə çatdırıb.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, Xaqani Şirvani irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılmasının Azərbaycan ədəbiyyatşünaslığının mühüm istiqamətlərindən biri olduğu qeyd olunub.








