Şəki Regional Elmi Mərkəzində Lətif Kərimova həsr olunmuş elmi seminar keçirilib
İyl 03, 2026 | 01:00
3 iyul 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Lətif Kərimovun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının və AMEA Rəyasət Heyətinin müvafiq qərarının icrası çərçivəsində görkəmli xalçaçı-alim Lətif Kərimova həsr olunmuş “Milli-mədəni irsimizin kamil bilicisi və layiqli davamçısı” adlı elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə Şəki Regional Elmi Mərkəzin direktoru, fil.e.d., dosent Kamil Adışirinov açaraq Lətif Kərimovun Azərbaycan xalçaçılıq sənətinin inkişafı və öyrənilməsi sahəsində əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, Lətif Kərimovun zəngin elmi irsi milli-mədəni sərvətlərimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Kamil Adışirinov qeyd edib ki, bu gün də alimin fundamental tədqiqatları xalçaşünaslar, sənətşünaslar və mədəni irs tədqiqatçıları üçün etibarlı elmi mənbə olaraq öz aktuallığını qoruyub saxlayır. O, belə seminarların milli-mədəni irsin təbliği, gənc tədqiqatçılarda xalçaçılıq sənətinə marağın artırılması və Lətif Kərimovun zəngin irsinin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Daha sonra Şəki Regional Elmi Mərkəzin Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, fil.ü.f.d. İradə Yusifova “Xalçaçılıq sənətində Lətif Kərimov fenomeni” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Lətif Kərimov Azərbaycan xalçaçılıq elminin banilərindən biri olmaqla yanaşı, milli xalça sənətinin elmi əsaslarla tədqiqi, təsnifatı və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm xidmətlər göstərib. O, xalça ornamentlərinin semantikası, kompozisiya xüsusiyyətləri, rəng sistemi və regional xalçaçılıq məktəbləri ilə bağlı apardığı fundamental araşdırmalarla xalçaşünaslıq elminin inkişafında yeni mərhələnin əsasını qoyub.
İradə Yusifova qeyd edib ki, Lətif Kərimovun üçcildlik “Azərbaycan xalçası” əsəri bu sahədə ən sanballı elmi mənbələrdən biri hesab olunur və bu gün də tədqiqatçılar üçün öz elmi əhəmiyyətini qoruyub saxlayır. Məruzədə alimin xalqın milli yaddaşını, estetik dünyagörüşünü və mənəvi dəyərlərini özündə yaşadan xalça sənətinə münasibəti təhlil olunaraq vurğulanıb ki, o, Azərbaycan xalçasını yalnız dekorativ-tətbiqi sənət nümunəsi kimi deyil, xalqın tarixini, etnoqrafiyasını və mədəni kimliyini əks etdirən zəngin irs nümunəsi kimi dəyərləndirib.