Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Şin çayı hövzəsində monitorinq aparıblar
İyn 30, 2026 | 05:04
İyn 30, 2026 | 05:04
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları 25 iyun-1 iyul 2026-cı il tarixlərində Şin çayı hövzəsində genişmiqyaslı monitorinq və ölçmə işləri həyata keçiriblər.
Mərkəzin Ekoloji coğrafiya şöbəsinin müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayevin verdiyi məlumata görə, tədqiqatlar şöbənin əməkdaşı Elvin Qarayev tərəfindən Şin çayının Şin və Baş Göynük kəndlərindən keçən hissəsində aparılıb. Monitorinqin əsas məqsədi güclü leysan yağışlarından sonra çayda su səviyyəsinin dəyişməsini və yaranan geomorfoloji prosesləri qiymətləndirmək olub.
28-29 iyun tarixlərində aparılan müşahidələr zamanı çay yatağında eroziya prosesləri izlənilib. Sel hadisəsindən sonra çayın sağ sahilində yan eroziyanın gücləndiyi müəyyən edilib. Qafqaz Ağabalayev bildirib ki, yan eroziyanın intensivləşməsi çay yatağının kənd ərazisinin daxili hissələrinə doğru genişlənməsinə səbəb olur. Mütəmadi monitorinq və ölçmələrin nəticələri göstərir ki, bu proses yaşayış məntəqəsinin ərazisinin daralmasına, eləcə də otlaq və əkin sahələrinin tədricən yuyularaq azalmasına gətirib çıxarır.
Şöbə müdiri qeyd edib ki, monitorinq işləri 30 iyun və 1 iyul tarixlərində də davam etdirilib. Tədqiqatlar Şin kəndindən təxminən 12-13 kilometr hava xətti məsafəsində, şimal istiqamətində yerləşən, Şin çayının əsas selli qolu olan Haney dərəsində və eyniadlı ərazidə aparılıb.
Dəniz səviyyəsindən 2100-2800 metr yüksəklikdə yerləşən, subalp və alp çəmənlikləri ilə əhatə olunan Qızkeçməz, Qaraqaya və Haney yaylaq ərazilərində aparılan müşahidələr zamanı səthi və xətti eroziya prosesləri sistemli şəkildə qeydə alınıb, müvafiq ölçmə işləri həyata keçirilib. Araşdırmalar nəticəsində Haney dərəsində baş verən sel hadisələri zamanı formalaşan gətirmə konuslarının həcminin daha böyük olduğu müəyyən edilib.
Monitorinq işləri yaylaq ərazilərinə yaxın yerləşən və yerli əhali arasında "Beşmərtəbə" adı ilə tanınan şəlalə ətrafında da davam etdirilib. Ərazidə hidroloji ölçmələr aparılıb, laborator analizlər üçün su nümunələri götürülüb.
Aparılmış ölçmələrə əsasən şəlalənin hündürlüyü 31 metr, eni isə 1,25 metr təşkil edir. Şəlalə 41°26′58″ şimal enliyi və 47°11′30″ şərq uzunluğu koordinatlarında, dəniz səviyyəsindən 2125 metr yüksəklikdə yerləşir.
Qeyd edək ki, aparılan monitorinq işlərinin məqsədi Şin çayı hövzəsində baş verən eroziya və sel proseslərinin dinamikasını öyrənmək, onların kənd təsərrüfatı sahələrinə və yaşayış məntəqələrinə təsirini qiymətləndirmək, gələcəkdə mümkün risklərin azaldılması üçün elmi əsaslandırılmış məlumat bazasının formalaşdırılmasıdır.








