Şəki Regional Elmi Mərkəzdə elmi görüş və etnoqrafik ekspedisiya
İyl 01, 2026 | 04:00
İyl 01, 2026 | 04:00
01 iyun 2026-cı il tarixində AMEA-nın Tarix və Etnologiya İnstitutunun Tarixi etnologiya şöbəsinin əməkdaşları — t.e.d., dosent İlhamə Məmmədova, tarix üzrə fəlsəfə doktorları Tahir Şahbazov, Təranə Quluzadə və Nigar Coşkunlu, həmçinin Gülnar Tağıyeva Şəki şəhərinin etnoqrafiyasına dair materialların toplanması məqsədilə təşkil olunmuş elmi ekspedisiya çərçivəsində AMEA-nın Şəki Regional Elmi Mərkəzində olublar.
Ekspedisiyanın əsas məqsədi Şəki şəhərinin maddi və mənəvi mədəni irsinin, ənənəvi məişətinin, ailə-məişət münasibətlərinin, xalq sənətkarlığı nümunələrinin, etnomədəni xüsusiyyətlərinin və müasir etnoqrafik proseslərin öyrənilməsi, bu sahəyə dair elmi materialların toplanması olub.
Səfər çərçivəsində ekspedisiya üzvləri Şəki Regional Elmi Mərkəzin direktoru, fil.e.d., dosent Kamil Adışirinov, Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov, Tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri, bio.ü.f.d., dosent Qüdürət Bəkirov və digər elmi işçilərlə görüşüblər.
Görüş zamanı Şəki şəhərinin tarixi-etnoqrafik xüsusiyyətləri, bölgədə aparılan elmi tədqiqatlar, xüsusilə ipəkçilik və tut ipəkqurdunun seleksiyası sahəsində həyata keçirilən elmi işlər, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ipəkçilik Şəki bölgəsinin ənənəvi təsərrüfat sahələrindən biri olmaqla yanaşı, regionun sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynayır və bu sahənin öyrənilməsi etnoqrafik tədqiqatlar üçün də xüsusi əhəmiyyət daşıyır.
Sonda etnoqrafik irsin, o cümlədən ipəkçilik ənənələrinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.








