Şəki Regional Elmi Mərkəzdə növbəti Elmi Şura iclası keçirilib
İyn 29, 2026 | 02:45
İyn 29, 2026 | 02:45
29 iyun 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 3 saylı Elmi Şura iclası keçirilib.
İclasda 14 nəfər Elmi Şura üzvü, şöbə rəhbrləri və elmi işçilər iştirak ediblər.
Şəki REM-in direktoru, fil.e.d., dos.Kamil Adışirinov Elmi Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Gündəliyə daxil edilən məsələlər səsə qoyularaq yekdilliklə qəbul olunub.
İclasın ilk məsələsi "AMEA Rəyasət Heyətinin 01 iyun 2026-cı il tarixli 14/1 və 14/2 saylı qərarlarına dair Şəki REM-in AMEA Rəyasət Heyətinə təqdim etdiyi 2026-cı ilin birinci yarımili üzrə elmi və elmi-təşkilati fəaliyyət hesabatının yekunları haqqında" Kamil Adışirinov məlumat verib.
Direktor hesabat dövründə mərkəzin elmi bölmələrinin təsdiq olunmuş tematik planlara uyğun fəaliyyət göstərdiyini, regionun təbii ehtiyatlarının, biomüxtəlifliyinin, tarixinin, arxeologiyasının, folklorunun və mədəni irsinin öyrənilməsi istiqamətində tədqiqatların davam etdirildiyini bildirib, Şəki REM-in 2026-cı ilin birinci yarımili üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair AMEA Rəyasət Heyətinə təqdim olunan hesabatın müsbət qiymətləndirildiyini, qənaətbəxş hesab edildiyini nəzərə çatdırıb.
Direktor bildirib ki, bununla yanaşı, AMEA Rəyasət Heyətindən gələcək fəaliyyət üçün tədqiqatların keyfiyyətinin yüksəldilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, yüksək impakt faktorlu jurnallarda nəşrlərin sayının artırılması və əldə olunan elmi nəticələrin tətbiqinin genişləndirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.
O, qarşıya qoyulan vəzifələrin bundan sonra da vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə, elmi fəaliyyətin səmərəliliyinin daha da artırılacağına və regionun sosial-iqtisadi inkişafına xidmət edən tədqiqatların uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Sonra Şəki REM-in elmi katibi Vəfa Atayeva gündəliyin ikinci məsələsi – "AMEA Rəyasət Heyətində hesabatların rəqəmsallaşdırılması və yeni modeldə tətbiqi haqqında" məlumatla çıxış edib.
O bildirib ki, AMEA-da elmi müəssisələrin fəaliyyət hesabatlarının hazırlanması, təqdim olunması və qiymətləndirilməsi prosesinin müasir rəqəmsal platforma üzərindən həyata keçirilməsini nəzərdə tutan yeni model tətbiq olunur. Yeni yanaşmanın əsas məqsədi elmi və elmi-təşkilati fəaliyyət göstəricilərinin vahid elektron bazada toplanması, hesabatların hazırlanmasının operativliyinin artırılması, məlumatların şəffaflığının və dəqiqliyinin təmin edilməsi, həmçinin statistik təhlillərin daha səmərəli aparılmasıdır.
Vəfa Atayeva qeyd edib ki, yeni rəqəmsal sistem hesabatların vahid standart əsasında hazırlanmasına və elektron qaydada arxivləşdirilməsinə imkan verəcək. O, həmçinin Şəki REM-də 2027-ci il üçün yeni hesabat modelinin tətbiqi istiqamətində zəruri təşkilati tədbirlərin görüləcəyini, əməkdaşların rəqəmsal platformadan səmərəli istifadəsinin təmin olunacağını və hesabatların yeni tələblərə uyğun hazırlanacağını diqqətə çatdırıb.
Daha sonra Şəki REM-də təhkim edilmiş dissertantların dissertasiya işlərinin cari vəziyyəti müzakirə olunub. Dissertantlar- Vəfa Atayeva, Ayşən Salmanova, Təranə Abdullayeva və Aygün İsmayılova tədqiqat işlərinin gedişi, əldə olunan elmi nəticələr və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Elmi Şura üzvləri tədqiqatların keyfiyyətinin yüksəldilməsi, beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrin sayının artırılması və dissertasiya işlərinin başa çatdırılması ilə bağlı tövsiyələrini səsləndiriblər.
Kamil Adışirinov qeyd edib ki, Şəki Regional Elmi Mərkəzdə dissertantların elmi fəaliyyətinə mütəmadi nəzarət edilir, onların yüksəkixtisaslı elmi kadr kimi formalaşması və dissertasiya işlərini uğurla başa çatdırmaları üçün zəruri elmi-metodiki dəstək göstərilir.
Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı fil.ü.f.d., dos. Ulduz Mürşüdovanın tərtib etdiyi "Azərbaycan nağılları (Şəki və ətraf kəndləri)" adlı kitabı müzakirə olunaraq elmi baxımdan yüksək qiymətləndirilib və çapı məqsədəuyğun hesab edilərək nəşrə tövsiyə olunub.








