Şəki REM-də "Bir ömrün poetik səlnaməsi - Səməd Vurğun" adlı seminar keçirilib
İyn 25, 2026 | 04:29
25 iyun 2026-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Azərbaycan Respublikası Prezidentinin "Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında" Sərəncamının və AMEA Rəyasət Heyətinin müvafiq qərarının icrası ilə bağlı "Bir ömrün poetik salnaməsi - Səməd Vurğun" mövzusunda elmi seminar keçirilib.
Seminarı açan Şəki REM-in direktoru, fil.e.d., dosent Kamil Adışirinov Xalq şairi Səməd Vurğunun zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatının inkişafındakı müstəsna xidmətləri və yaradıcılığının milli-mənəvi dəyərlərin təbliğindəki rolu barədə geniş məlumat verib. O, şairin poeziyasında vətənpərvərlik, insanpərvərlik, milli kimlik və doğma yurda bağlılıq kimi ideyaların ön plana çəkildiyini vurğulayıb, əsərlərinin bu gün də aktuallığını qoruyub saxladığını qeyd edib.
Kamil Adışirinov çıxışında həmçinin Səməd Vurğunun Şimal-Qərb bölgəsinə etdiyi səfərlərdən, bu qədim diyarın təbiətinin, tarixi-mədəni mühitinin və insanlarının şairin yaradıcılığında buraxdığı təsirlərdən də danışıb. Bildirib ki, bu bölgəyə olan dərin rəğbət və məhəbbət şairin müxtəlif çıxışlarında, xatirələrində və yaradıcılığında öz əksini tapıb.
Kamil Adışirinov şairin Azərbaycan mədəniyyətinin və ədəbi düşüncəsinin formalaşmasında mühüm yer tutduğunu, onun yaradıcılığının gənc nəslin vətənə sevgi və milli dəyərlərə hörmət ruhunda tərbiyəsində əhəmiyyətli rol oynadığını vurğulayıb və sözü Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, fil.ü.f.d. İradə Yusifovaya verib.
İradə Yusifova "Zaqatala mətbuatında "Səməd Vurğun obrazı" mövzusunda məruzə edib. O, Zaqatala mətbuatında Səməd Vurğun irsinin təbliği məsələlərindən bəhs edib, xüsusilə “Qırmızı bayraq” qəzetində Xalq şairinin həyatı, yaradıcılığı və ictimai fəaliyyəti ilə bağlı mütəmadi olaraq dərc edilən materiallar haqqında ətraflı məlumat verib. Bildirib ki, qəzet səhifələrində şairin əsərlərinin təbliği, ona həsr olunmuş şeirlər, yubileylərinin qeyd olunması və ədəbi irsinin öyrənilməsi istiqamətində mühüm yazılar dərc edilib ki, bu da Səməd Vurğun irsinin bölgədə tanıdılması və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayıb.
Məruzəçi həmçinin Səməd Vurğunun görkəmli sovet yazıçıları və ilə birlikdə Zaqatalaya səfərindən, həmin görüşün bölgənin ədəbi-mədəni həyatında yaratdığı əks-sədadan danışıb. İradə Yusifova bildirib ki, bu səfər dövrün mətbuatında geniş işıqlandırılmış, Azərbaycan və sovet ədəbiyyatları arasında ədəbi əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir.
Qeyd edək ki, dövri mətbuat materiallarının tədqiqata cəlb edilməsi Səməd Vurğunun ədəbi irsinin bölgələrdə necə təbliğ olunduğunu, onun yaradıcılığına ictimai münasibətin formalaşmasını və müxtəlif dövrlərdə şair haqqında yaranmış təsəvvürləri öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu yazıların araşdırılması həm şairin ədəbi irsinin təbliği tarixinin öyrənilməsinə, həm də regional mətbuatın Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətindəki rolunun müəyyənləşdirilməsinə imkan yaradır.
Seminarda Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi işçisi Təranə Abdullayeva “Zamanın ağır sınağında Səməd Vurğun dilemması” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Səməd Vurğunun fəaliyyət göstərdiyi mürəkkəb ictimai-siyasi mühit, sovet ideologiyasının ədəbiyyata təsiri və bu şəraitdə sənətkarın üzləşdiyi mənəvi-ədəbi seçimlər barədə fikirlərini diqqətə çatdırıb.
O qeyd edib ki, XX əsrin 30–50-ci illərində yaşayıb-yaradan şair bir tərəfdən dövrün ideoloji tələblərinə uyğun fəaliyyət göstərməyə məcbur olmuş, digər tərəfdən isə xalqın milli-mənəvi dəyərlərini, tarixini və mənəvi dünyasını yaradıcılığında yaşatmağa çalışmışdır.
Təranə Abdullayeva Səməd Vurğunun əsərlərində Azərbaycan xalqına məhəbbət, vətənpərvərlik, humanizm və milli özünüdərk ideyalarının xüsusi yer tutduğunu vurğulayıb. Bildirilib ki, şairin yaradıcılığına münasibətdə uzun illər formalaşmış stereotiplərdən uzaqlaşaraq onun irsinə tarixi gerçəkliklər fonunda yanaşmaq vacibdir. O, Səməd Vurğunun qarşılaşdığı dilemmanın təkcə bir sənətkara deyil, bütövlükdə dövrün Azərbaycan ziyalılarına xas mənəvi və ideoloji seçimləri əks etdirdiyini qeyd edib.
Məruzəçi şairin yaradıcılığının müasir dövrdə yeni elmi yanaşmalar əsasında araşdırılmasının, onun şəxsiyyət və fəaliyyətinin dövrün ictimai-siyasi reallıqları nəzərə alınmaqla obyektiv qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.