Şəki Regional Elmi Mərkəzi 2026-cı ilin I yarımili üzrə hesabat təqdim edib
İyn 23, 2026 | 01:00
İyn 23, 2026 | 01:00
Şəki Regional Elmi Mərkəzi 2026-cı ilin I yarımili üzrə hesabat təqdim edib
23 iyun 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 2026-cı ilin I yarımili üzrə onlayn hesabat iclası keçirilib.
Hesabat iclasında AMEA Rəyasət Heyəti Aparatının məsul əməkdaşı, fil.ü.f.d., dosent Ağahüseyn Şükürov onlayn iştirak edib və mərkəzin 2026-cı ilin I yarımili üzrə fəaliyyətinə dair hesabatı dinləyib.
İclası mərkəzin direktoru, fil.e.d., dos.Kamil Adışirinov açaraq hesabat dövründə həyata keçirilən fəaliyyətlər barədə qısa məlumat verib, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə Şəki Regional Elmi Mərkəzinə göstərdiyi diqqət və qayğıya görə kollektiv adından minnətdarlığını bildirib.
Sonra elmi katib Vəfa Atayeva tərəfindən ümumi hesabat məruzəsi təqdim olunub. Məruzədə Şəki REM-in 2026-cı ilin I yarımili üzrə elmi-tədqiqat işləri, nəşr fəaliyyəti, keçirilən elmi tədbirlər, beynəlxalq və respublika səviyyəli əməkdaşlıqlar, eləcə də əldə olunmuş elmi nəticələr barədə ətraflı məlumat verilib.
İclasda həmçinin mərkəzin elmi-tədqiqat şöbələrinin rəhbərləri tərəfindən 2026-cı ilin I yarımili ərzində görülmüş işlərə dair çıxışlarda həyata keçirilən elmi araşdırmalar, əldə edilmiş elmi nəticələr və gələcək fəaliyyət planları barədə ətraflı məlumat verilib. Hesabatlar ətrafında geniş müzakirələr aparılıb, şöbələrin fəaliyyətində əldə olunan nailiyyətlər və mövcud problemlər təhlil olunub. Eyni zamanda, elmi fəaliyyətin səmərəliliyinin artırılması, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və elmi nəticələrin tətbiqi imkanlarının artırılması ilə bağlı təklif və tövsiyələr səsləndirilib. Qarşıdakı dövr üçün prioritet vəzifələr müəyyənləşdirilərək müvafiq tapşırıqlar verilib.
Sonda çıxış edən dosent Ağahüseyn Şükürov təqdim olunan hesabatı qənaətbəxş hesab edərək, müsbət qiymətləndirib, Şəki Regional Elmi Mərkəzində 2026-cı ilin I yarımili ərzində həyata keçirilən elmi-tədqiqat, təşkilati və elmi-kütləvi fəaliyyət sahələrində əldə olunan nəticələrin təqdirəlayiq olduğunu vurğulayıb. O, mərkəzin əməkdaşlarının elmi fəaliyyətinin məhsuldarlığını qeyd edib, əldə olunan nailiyyətlərin AMEA-nın qarşıya qoyduğu strateji hədəflərə uyğun olduğunu bildirib. Ağahüseyn Şükürov gələcək dövrdə elmi araşdırmaların daha da genişləndirilməsi, innovativ layihələrin həyata keçirilməsi və elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı tövsiyələrini səsləndirib. O, Şəki Regional Elmi Mərkəzinin kollektivinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb, görülən işlərin davamlı və məqsədyönlü şəkildə həyata keçiriləcəyinə əminliyini ifadə edib.








