Şəki Regional Elmi Mərkəzdə YAP Ərazi Partiya Təşkilatının hesabat-seçki yığıncağı olub
İyn 19, 2026 | 02:00
19 iyun 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Yeni Azərbaycan Partiyası Şəki REM Ərazi Partiya Təşkilatının yığıncağı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də torpaqlarımızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda Ərazi Partiya Təşkilatının sədr müavini Yusif Rəhimovun təşkilatın hesabat dövründəki fəaliyyəti barədə məruzəsi dinlənilib.
Sonra Şəki REM Ərazi Partiya Təşkilatının sədri, fiz.ü.f.d. Yusif Şükürlü vəfatı ilə əlaqədar təşkilatda sədr və sədr müavini vəzifələrinə seçki keçirilib. Seçkilərin nəticələrinə əsasən, Şəki Regional Elmi Mərkəzin direktoru, fil.e.d., dos. Kamil Adışirinov YAP Şəki REM Ərazi Partiya Təşkilatının sədri, Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov isə yenidən sədr müavini seçilib.
Sonda YAP Şəki Rayon Təşkilatının sədr müavini Ziya Vəliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan danışıb. O bildirib ki, partiya ötən dövr ərzində dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların qorunması və cəmiyyətin inkişafı istiqamətində mühüm fəaliyyət göstərib. Ziya Vəliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən ziyalılar, gənclər və fəal vətəndaşlar ölkənin sosial-iqtisadi tərəqqisinə öz töhfələrini verməkdə davam edirlər.
O, çıxışında ərazi partiya təşkilatının üzvlərini daha fəal olmağa, həyata keçirilən layihə və təşəbbüslərdə yaxından iştirak etməyə çağırıb. Ziya Vəliyev həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, elmi potensialın inkişaf etdirilməsi və cəmiyyətlə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Natiq yeni seçilmiş sədr Kamil Adışirinov və sədr müavini Yusif Rəhimovu təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və təşkilatın bundan sonra da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəal iştirak edəcəyinə əminliyini ifadə edib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş Şahmar Babayevə üzvlük vəsiqəsi təqdim olunub və ona gələcək ictimai-siyasi fəaliyyətində uğurlar arzulanıb.