AMEA-nın Şəki Regional Elmi Mərkəzində mülki müdafiə üzrə təlim-məşğələ keçirilib
İyn 10, 2026 | 05:00
İyn 10, 2026 | 05:00
10 iyun 2026-cı il tarixində Şəki Regional Elmi Mərkəzdə Mülki Müdafiə Qərargahının 2026-cı il iş planına uyğun olaraq "Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları" mövzusunda təlim-məşğələ keçirilib.
Təlim-məşğələ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şəkidə yerləşən Qəza-Xilasetmə Taborunun dəstəyi ilə təşkil olunub.
Təlim-məşğələni açan Şəki REM-in direktoru, fil.e.d.,dos. Kamil Adışirinov tədbirin keçirilməsində əsas məqsədin əməkdaşların mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması, fövqəladə hallarda davranış qaydalarının mənimsənilməsi və fərdi mühafizə vasitələrindən düzgün istifadə vərdişlərinin formalaşdırılması olduğunu qeyd edib və sözü Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimova verib.
Yusif Rəhimov çıxışında qloballaşan dünyada elmi-texniki tərəqqinin sürətlə inkişaf etməsinə baxmayaraq, nüvə təhlükəsinin hələ də bəşəriyyət üçün aktual problemlərdən biri olaraq qaldığını diqqətə çatdırıb. O qeyd edib ki, müxtəlif regionlarda baş verən siyasi və hərbi gərginliklər, nüvə texnologiyalarından istifadənin genişlənməsi, eləcə də radiasiya ilə əlaqəli qəza riskləri cəmiyyətin bu sahədə maarifləndirilməsini zəruri edir.
Sonra nüvə və radiasiya təhlükələrinin insan sağlamlığına və ətraf mühitə mümkün təsirləri, belə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrinin əhəmiyyəti və onlardan düzgün istifadə üsulları barədə videoçarx nümayiş etdirilib.
Təlimdə FHN Mülki Müdafiə Qoşunlarının Qəza-Xilasetmə Taborunun hərbi qulluqçuları - baş leytenant Samir Abdulov, gizir Hümmət Məmmədov və müddətdən artıq xidmət edən çavuş Kənan İslamov iştirak ediblər.
Qurumun nümayəndəsi baş leytenant Samir Abdulov dinyiciləri yeni nəsil radiasiyadan qorunma vasitələri və kompleks ilk tibbi yardım ləvazimatları ilə tanış edib, fərdi mühafizə vasitələrinin tətbiqi qaydaları əyani şəkildə nümayiş etdirilib.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fövqəladə hallara hazırlığın artırılması istiqamətində praktiki tövsiyələr təqdim olunub.








