26 may 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində 28 May Müstəqillik Günü munasibətilə tədbir keçirilib
May 26, 2026 | 03:00
May 26, 2026 | 03:00
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin, eləcə də torpaqlarımızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad edilib.
Tədbirdə Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov "Azərbaycan Xalq Cümhuriyyəti milli kimliyimizin hüquqi əsasıdır" mövzusunda məruzə ilə çıxış edib.
O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və formalaşmasında həm siyasi, həm də ədəbi-mədəni xadimlərin mühüm rol oynadıqlarını qeyd edib. Dövrün görkəmli siyasi liderlərinin xalqın milli azadlıq ideyalarını gerçəkləşdirərək müstəqil dövlət quruculuğunun əsasını qoyduqlarından, ziyalıların və ədiblərin isə milli şüurun formalaşmasına, vətənpərvərlik ruhunun güclənməsinə böyük töhfələr verdiklərindən danışıb.
Rahim Həsənov dövrün tanınmış ədəbi və maarifçi şəxsiyyətləri-Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Əhməd Cavad və digər ziyalıların milli birlik, azadlıq və müstəqillik ideyalarını öz əsərlərində geniş şəkildə təbliğ etdiklərini vurğulayıb, onların yaradıcılığının xalqın milli özünüdərk hissinin güclənməsində və istiqlal ideyalarının yayılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
O qeyd edib ki, Məmməd Əmin Rəsulzadə Mirzə Fətəli Axundzadənin irəli sürdüyü milli düşüncə və azərbaycançılıq ideyalarını siyasi müstəviyə daşıyan görkəmli liderlərdən biri olmuşdur və o, milli dövlətçilik ideyasını inkişaf etdirərək onu siyasi hərəkat səviyyəsinə yüksəltmiş, nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına aparan ideoloji zəmin formalaşmışdır.
Tədbirdə çıxış edənlər iştirakçıları 28 May Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki mühüm rolundan, dövlətçilik ənənələrinin qorunub inkişaf etdirilməsindən və müstəqilliyimizin əhəmiyyətindən danışıblar.








