Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş tədbir keçirilib
May 22, 2026 | 04:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları 22 may 2026-cı il tarixində MKS-nin Şəki şəhər 7 nömrəli kitabxana filialının təşkilatçılığı ilə Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Xaqani gələr bir gün aləm səni xatırlar” adlı tədbirdə iştirak və çıxış ediblər.
Şəki REM-in direktor vəzifəsini icra edən, fil.e.d., dos. Kamil Adışirinov “Xaqaninin irsi əsrləri aşan söz və hikmət xəzinəsidir” adlı məruzə ilə çıxış edib.
Məruzəçi Xaqani Şirvaninin Azərbaycan və Şərq ədəbiyyatındakı müstəsna mövqeyindən bəhs edib, onun zəngin poetik irsinin əsrlər boyu öz aktuallığını qoruyub saxladığını vurğulayıb. Qeyd edib ki, Xaqaninin yaradıcılığı yalnız yüksək bədii-estetik dəyəri ilə deyil, həm də dərin fəlsəfi məzmunu, elmə, mənəvi kamilliyə və humanist dəyərlərə çağırışı ilə seçilir.
Kamil Adışirinov Xaqaninin zəngin elmi və ədəbi dünyagörüşünün onun əsərlərində aydın şəkildə ifadə olunduğunu, klassik irsimizin öyrənilməsi və təbliğinin milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Tədbirdə həmçinin Şəki şəhər İ. Nakam adına kitabxananın direktoru Tural Əhmədov, Bəxtiyar Vahabzadənin Ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru Ağali Cəlilov, Sabit Rəhmanın Ev-muzeyinin fond mühafizi Aydın Məmmədov, şairlər Musa Həşimov, Zaur İlhamoğlu, Gülarə İnci çıxış ediblər.
Çıxışçılar Xaqani Şirvaninin əsərlərində vətən sevgisi, insanın mənəvi aləmi və cəmiyyətə münasibət kimi mövzuların geniş yer aldığını vurğulayaraq, belə tədbirlərin gənclərin klassik ədəbiyyata marağının artırılması, milli ədəbi irsə bağlılıq hissinin gücləndirilməsi və maarifləndirilməsi istiqamətində mühüm rol oynadığını bildiriblər.
Tədbirdə həmçinin şairin yaradıcılığından qəzəllər səsləndirilib, musiqi nömrələri təqdim olunub.
Tədbirin sonunda çay süfrəsi ətrafında fikir mübadiləsi aparılıb, Xaqani Şirvaninin ədəbi irsi ilə bağlı müzakirələr davam etdirilib və iştirakçılarla xatirə fotoşəkilləri çəkilib.