Şəkinin Baş Layısqı və Cunud kəndlərində güclü yağıntılar sonrası ciddi eroziya və torpaq deqradasiyası müşahidə olunub
May 22, 2026 | 01:40
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları- şöbə müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayev, elmi işçilər Aqil Mustafayev, Elvin Rüstəmov və şöbənin digər əməkdaşı Elvin Qarayev tərəfindən Baş Layısqı və Cunud kəndlərində 21.05.2026-cı il tarixində müşahidə olunan intensiv atmosfer yağıntılarının yaratdığı ekoloji fəsadların qiymətləndirilməsi məqsədilə monitorinq aparılıb.
Tədqiqat çərçivəsində kəndlərdə baş vermiş eroziya prosesləri, torpaq örtüyünün deqradasiyası və səth yuyulmalarının miqyası öyrənilib. Əsas müşahidələr Şin və Baş Layısqı kəndləri arasındakı ərazidə, xüsusilə kəndin giriş hissəsində, eləcə də Baş Layısqı kəndinin Şəhidlər xiyabanı ətrafında aparılıb, ölçmə və vizual müşahidələr nəticəsində həmin sahələrdə güclü su eroziyası prosesinin baş verdiyi, bəzi hissələrdə 4 metrdən artıq dərinlikdə yuyulmaların formalaşdığı və yeni dərə yataqlarının yarandığı müəyyən edilib.
Bununla yanaşı, Cunud kəndinin hər iki giriş hissəsində də eroziya proseslərinə baxış keçirilib, geomorfoloji dəyişikliklərin qiymətləndirilməsi məqsədilə müvafiq ölçmə işləri aparılıb.