Şəki Regional Elmi Mərkəzin təşkilatçılığı ilə Kiş kəndində “Şəhərsalma və memarlıq ili” çərçivəsində maarifləndirici seminar keçirilib
May 21, 2026 | 05:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya və Ekoloji biofizika şöbələrinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və memarlıq ili" çərçivəsində 21 may 2026-cı il tarixində Şəkinin Kiş kənd Heydər Əliyev adına 1№ li tam orta məktəbində "İqlim dəyişmələri fonunda şəhər və kənd planlaşdırılmasında müasir memarlıq yanaşmaları” mövzusunda seminar keçirilib.
Təbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminarı Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin müdiri, coğ.ü.f.d Qafqaz Ağabalayev açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb. O, “Şəhərsalma və memarlıq ili” çərçivəsində keçirilən bu cür maarifləndirici tədbirlərin gənc nəslin ekoloji düşüncəsinin formalaşmasında, şəhərsalma mədəniyyətinin təbliğində və ətraf mühitin qorunmasına dair biliklərin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə şəhid anası, həmçinin məktəbin əməkdar müəllimi olmuş Dursun Cavadova çıxış edərək gənclərin vətənpərvər ruhda tərbiyəsinin vacibliyindən danışıb. O, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olduğunu bildirib, şagirdlərə Vətənə, torpağa və milli dəyərlərə bağlı olmağı tövsiyə edib.
Heydər Əliyev adına məktəbin direktoru İsmayıl Balacayev çıxışında ekoloji mövzulara və şəhərsalma məsələlərinə həsr olunan belə tədbirlərin gənclərdə ətraf mühitə qarşı məsuliyyət hissinin formalaşmasına müsbət təsir göstərdiyini qeyd edib. O, alimlərlə məktəblilər arasında keçirilən görüşlərin şagirdlərin elmə marağını artırdığını vurğulayaraq tədbirin təşkilatçılarına təşəkkürünü çatdırıb.
Sonra Şəki Regional Elmi Mərkəzin əməkdaşları çıxış edərək şəhərsalma, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıblar.
Ekoloji coğrafiya şöbəsinin elmi işçisi
Aygün İsmayılova “Mədəni irs və şəhər kimliyi: memarlıq abidələrinin turizmdə rolu” mövzusunda çıxış edərək tarixi-memarlıq abidələrinin şəhərlərin tanıdılması və turizm potensialının artırılmasındakı əhəmiyyətindən danışıb. O qeyd edib ki, qədim memarlıq nümunələrinin qorunması yalnız mədəni irsin yaşadılması deyil, eyni zamanda regionların sosial-iqtisadi inkişafına töhfə verən mühüm amillərdəndir və onların beynəlxalq səviyyədə tanıdılması mühüm strateji əhəmiyyət daşıyır. Məruzəçi, həmçinin milli memarlıq ənənələrinin qorunub, gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Ekoloji coğrafiya şöbəsinin kiçik elmi işçisi Elvin Rüstəmov “Müasir şəhərlərdə ekoloji problemlər, şəhərlərdə yaşıl zonaların genişləndirilməsinin ekoloji və sosial əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, urbanizasiya prosesinin sürətlənməsi nəticəsində şəhərlərdə havanın çirklənməsi, məişət tullantılarının çoxalması və yaşıllıq sahələrinin azalması kimi ekoloji problemlərin daha qabarıq şəkildə özünü göstərdiyini nəzərə çatdırıb. Bildirib ki, bu amillər həm insanların sağlamlığına mənfi təsir edir, həm də ekoloji tarazlığın pozulmasına səbəb olur. Elvin Rüstəmov parkların, yaşıllıq zolaqlarının və istirahət məkanlarının genişləndirilməsinin ekoloji tarazlığın qorunmasına, insanların sağlam həyat tərzinin formalaşmasına və şəhər mühitinin daha əlverişli olmasına şərait yaratdığını vurğulayıb.
Ekoloji Biofizika şöbəsinin kiçik elmi işçisi Vəfa Məmmədli “Müasir Şəhərsalmada Biofiziki Tarazlıq və WUF13 Prioritetləri” mövzusunda çıxış edib. O, şəhərlərdə biofiziki tarazlığın qorunmasının vacibliyini ön plana çəkərək istilik adası effekti, hava və su çirklənməsi kimi problemlərin urban mühitə ciddi təsir göstərdiyini bildirib.
Məruzəçi gələcəyin şəhərlərinin təkcə texnoloji yeniliklər üzərində deyil, həm də təbiətin biofiziki qanunlarına uyğun şəkildə qurulmalı olduğunu qeyd edib. Vəfa Məmmədli yaşıl infrastrukturun genişləndirilməsinin, hidrogeokimyəvi yanaşmaların tətbiqinin və ipək mənşəli biomateriallardan istifadənin şəhər mühitinin ekoloji dayanıqlığının artırılmasında mühüm rolu olduğunu diqqətə çatdırıb.
Məruzəçi, həmçinin WUF13 çərçivəsində irəli sürülən dayanıqlı və insan yönümlü, təbiətin biofiziki qanunlarına uyğun şəkildə şəhərin qurulmasının vacibliyini ifadə edib.
Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev “Sel proseslərinin yaşayış məntəqələrinin inkişafına təsiri” adlı məruzə ilə çıxış edib. O, çıxışında sel proseslərinin şəhər infrastrukturuna vurduğu ciddi fəsadları xüsusi vurğulayıb. O bildirib ki, bu cür təbii hadisələr yaşayış məntəqələrində yolların, körpülərin və digər kommunikasiya sistemlərinin zədələnməsinə səbəb olur və buna görə də hər hansı tikinti və planlaşdırma işləri aparılarkən dəqiq layihələndirmə və risklərin düzgün qiymətləndirilməsi zəruridir.
Məruzəçi müasir şəhərsalma konsepsiyasında “davamlı şəhər” prinsipinin tətbiqinin vacibliyini də qeyd edib.
O sel çaylarının keçdiyi regionlarda yaşıl zonaların yaradılması, parkların salınması və meşə ərazilərində mərhələli şəkildə qoruq rejiminin tətbiqinin ekoloji baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib.
Sonda Şəkinin Şin çayı hövzəsində baş verən sel hadisələrinin Şin kəndi və Baş Göynük kəndi ərazilərinə vurduğu zərər konkret nümunələr və foto materiallar əsasında iştirakçılara ətraflı şəkildə izah edilib.
Sonda Şəki Regional Elmi Mərkəzin rəhbərliyi adından tədbirin təşkilində və keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev adına məktəbin direktoruna "Təşəkkürnamə" təqdim edilib. Həmçinin mərkəzin əməkdaşlarının müəllifi olduqları elmi və maarifləndirici kitablar Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbnin kitabxanasına hədiyyə olunub.