Şəkinin Şin çayı hövzəsində intensiv yağıntılar ciddi fəsadlar yaradıb
May 22, 2026 | 10:00
2026-cı il mayın 21-də baş vermiş intensiv yağıntılar nəticəsində Şin çayı hövzəsində suyun səviyyəsi və həcmi kəskin şəkildə artıb. Yağıntılar zamanı Dostdağ dərəsindən gələn sel suları ətraf ərazilərə ciddi ziyan vurub.
Bu barədə shrem.az saytına AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayev məlumat verib.
O bildirib ki, hadisə zamanı şöbənin əməkdaşı Elvin Qarayev ərazidə müşahidələr apararaq sel sularının kənd təsərrüfatı və infrastruktur üçün yaratdığı riskləri qeydə alıb.
Şöbə müdiri, həmçinin Şəkinin Şin, Baş Göynük və Baş Layısqı kəndləri ərazilərinə dolu düşdüyünü və onun kənd təsərrüfatı və əkin sahələrinə ciddi zərər vurduğunu bildirib.
Qeyd edib ki, təbii hadisələr nəticəsində Şin çayının sahil hissəsində torpaq eroziyası, kənd daxili yollarda su basma halları da qeydə alınıb.
Qafqaz Ağabalayev vəziyyətin operativ qiymətləndirilməsi məqsədilə sahədə müşahidələrin davam etdirildiyini də bildirib.