Balakəndə “Erkən orta əsrlərdə Şimal-Qərbi Azərbaycanda şəhərsalma və memarlığın inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilib
May 19, 2026 | 06:00
19 may 2026-cı il tarixində Balakəndə AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili” çərçivəsində “Erkən orta əsrlərdə Şimal-Qərbi Azərbaycanda şəhərsalma və memarlığın inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Balakən rayonunun mədəniyyət işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov bildirib ki, ölkəmizdə tariximizin, milli-mədəni irsimizin, eləcə də qədim şəhərsalma və memarlıq ənənələrinin öyrənilməsi və təbliği dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. O qeyd edib ki, tədbirin əsas məqsədi Şimal-Qərbi Azərbaycanın qədim şəhərsalma və memarlıq ənənələrinin öyrənilməsi, erkən orta əsrlərə aid tarixi-mədəni irsin tədqiqi və təbliği, eləcə də bu sahədə aparılan elmi araşdırmaların ictimaiyyətə çatdırılmasıdır.
Tədbirdə giriş sözü ilə çıxış edən Şəki REM-in direktor vəzifəsini icra edən, fil.e.d., dos. Kamil Adışirinov bildirib ki, konfrans Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma və memarlıq ili” ilə bağlı Sərəncamının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarının icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində təşkil olunub.
Dosent vurğulayıb ki, konfrans alimlər, tədqiqatçılar, memarlar və ictimaiyyət nümayəndələri arasında elmi fikir mübadiləsinin aparılması, qədim yaşayış məskənləri və memarlıq nümunələrinin şəhərsalma baxımından vacibliyinin araşdırılması, eləcə də regionun tarixi-mədəni irsinin tanıdılması istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətlidir.
Natiq, həmçinin həyata keçirilən və gələcəkdə nəzərdə tutulan tədbirlər barədə məlumat verərək qeyd edib ki, tarixi-mədəni irsin qorunması, arxeoloji abidələrin tədqiqi, elmi nəşrlərin hazırlanması və gənc tədqiqatçıların bu sahəyə cəlb olunması istiqamətində işlər davam etdiriləcək.
O, belə elmi-praktiki konfransların alimlər və tədqiqatçılar arasında əməkdaşlığın möhkəmlənməsinə, elmi fikir mübadiləsinin genişlənməsinə və regionun tarixi-mədəni irsinin daha dərindən öyrənilməsinə mühüm töhfə verdiyini bildirib. Dosent konfransın işinə uğurlar arzulayıb və tədbirin yüksək elmi nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.
Daha sonra Şəki Regional Elmi Mərkəzin alimləri və tədqiqatçıları, həmçinin Zaqatala və Qax rayonlarının ziyalıları tərəfindən erkən orta əsrlərdə bölgədə şəhərsalma ənənələri, memarlıq xüsusiyyətləri, tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər barədə məruzələr təqdim olunub.
Konfransda Şəki REM-in Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədli “Balakən-Zaqatala bölgəsində antik və erkən orta əsrlərdə şəhərsalma və memarlıq ənənələri” mövzusunda məruzə ilə çıxış edib. O, Balakənin qədim yaşayış məskənləri, müdafiə tikililəri, memarlıq xüsusiyyətləri və şəhərsalma ənənələri barədə geniş məlumat verib, tarixi abidələrin öyrənilməsi və qorunmasının əhəmiyyətini vurğulayıb.
Akif Məmmədli qeyd edib ki, antik və erkən orta əsrlərdə Balakəndə inşa edilən yaşayış və müdafiə tikililərində yerli memarlıq ənənələri ilə yanaşı, Qafqaz Albaniyası dövrünün memarlıq xüsusiyyətləri də öz əksini tapıb. Bildirib ki, həmin dövrdə şəhərsalma prinsipləri təbii-coğrafi şəraitə uyğun şəkildə qurulur, yaşayış məntəqələri əsasən su mənbələrinə və ticarət yollarına yaxın ərazilərdə salınırdı.
Məruzəçi vurğulayıb ki, Balakəndə yerləşən tarixi abidələr yalnız memarlıq nümunəsi deyil, həm də xalqımızın qədim dövlətçilik və mədəniyyət tarixinin mühüm göstəriciləridir. Sonda o, bu abidələrin qorunması, elmi şəkildə tədqiq olunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Konfransda Şəki REM-in Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri Elşən Abdurahmanov “Qafqaz Albaniyasının Şəki vilayətinin erkən orta əsr memarlıq abidələri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Şəki və ətraf bölgələr Qafqaz Albaniyasının mühüm mədəni, dini və inzibati mərkəzlərindən biri olub və burada erkən orta əsrlərə aid çoxsaylı memarlıq nümunələri günümüzədək qorunub saxlanılıb.
Məruzəçi qeyd edib ki, bölgədə yerləşən qədim məbədlər, müdafiə tikililəri, yaşayış məskənləri və qəbir abidələri həmin dövrün yüksək memarlıq və tikinti ənənələrindən xəbər verir. O, xüsusilə daş hörgü texnikası, tikililərin plan quruluşu və dini memarlıq nümunələrinin özünəməxsus xüsusiyyətləri barədə ətraflı məlumat verib.
Elşən Abdurahmanov çıxışında məbədlərin yalnız dini ibadət yeri deyil, həm də strateji əhəmiyyətli məntəqələr olduğunu vurğulayıb. Bildirib ki, erkən orta əsrlərdə inşa edilən bir sıra məbədlər yüksəkliklərdə, keçid yollarına və yaşayış məntəqələrinə nəzarət imkanı olan ərazilərdə tikilib.
Tədqiqatçı, həmçinin son illər ərzində apardığı arxeoloji qazıntılar zamanı aşkar edilən yeni abidələr haqqında geniş danışıb. Bildirib ki, tədqiqatlar nəticəsində bölgənin müxtəlif ərazilərində erkən orta əsrlərə aid yaşayış yerləri, nekropollar və digər arxeoloji materiallar aşkar olunub. O, əldə edilən tapıntıların Qafqaz Albaniyasının şəhərsalma və memarlıq tarixinin, həmçinin bu abidələr fonunda dövrün maddi və mənəvi mədəniyyətinin, dini-mistik dünyagörüşünün daha dərindən öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Məruzəçi sonda arxeoloji abidələrin qorunmasının və sistemli şəkildə tədqiq edilməsinin qədim tariximizin öyrənilməsi üçün vacib olduğunu bildirib, yeni aşkar olunan abidələrin gələcəkdə elmi dövriyyəyə daxil ediləcəyini qeyd edib.
Konfransda çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə dövlət xidmətinin tabeliyində fəaliyyət göstərən Zaqatala Tarix-Məfəniyyət qoruğunun direktoru Anar Laçınov “Zaqatala memarlığının dünəni və bugünü” mövzusunda məruzəsində Zaqatala rayonunun zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskənləri və memarlıq nümunələri ilə Azərbaycanın seçilən bölgələrindən biri olduğunu bildirib. Məruzəçi rayon ərazisində yerləşən tarixi abidələrin memarlıq xüsusiyyətləri, onların yaranma tarixi və bu günədək qorunub saxlanılması istiqamətində görülən işlər barədə geniş məlumat verib.
O, çıxışı zamanı Zaqatala rayonunda mövcud olan bir sıra tarixi-memarlıq abidələrinin siyahısını da iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, həmin abidələr bölgənin tarixi keçmişinin, memarlıq ənənələrinin və milli-mədəni irsinin mühüm nümunələridir və bu tarixi-memarlıq abidələrinin qorunması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. O, bu istiqamətdə konfransda iştirak edən müəllimləri maarifləndirici tədbirlərdə fəal iştirak etməyə və şagirdlər üçün ekskursiyaların təşkilində aktiv olmağa dəvət edib.
Konfransda, həmçinin Qax rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndi “Qax rayonunda şəhərsalma və memarlıq həlli baxımından tarixi-mədəni irsin izləri” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Qax rayonunun qədim tarixə və zəngin memarlıq irsinə malik bölgələrdən biri olduğunu və burada müxtəlif tarixi dövrlərə aid şəhərsalma ənənələrinin bu gün də öz izlərini qoruyub saxladığını nəzərə çatdırıb.
Mahir Əfəndi çıxışında Qax rayonunda yerləşən bir sıra tarixi-memarlıq abidələri barədə də məlumat verib, bu abidələrin həm memarlıq üslubu, həm də şəhərsalma baxımından bölgənin sosial və mədəni həyatını əks etdirən qiymətli tarixi mənbələr olduğunu diqqətə çatdırıb.
Məruzəçi həmçinin qeyd edib ki, Qax rayonunda tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində həyata keçirilən tədbirlər bölgənin turizm potensialının inkişafına da mühüm töhfə verir. O, qədim memarlıq nümunələrinin elmi əsaslarla tədqiq edilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Konfransın sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, belə elmi-praktiki tədbirlər regionun zəngin tarixi irsinin daha dərindən araşdırılmasına, yeni elmi nəticələrin əldə olunmasına və tariximizin geniş ictimaiyyət arasında təbliğinə mühüm töhfə verir.