Şəki Regional Elmi Mərkəzdə “Heydər Əliyev: xalqın nicat yolunun təminatçısı” mövzusunda elmi-praktiki konfrans keçirilib
May 08, 2026 | 05:30
May 08, 2026 | 05:30
Konfransda Şəki REM-in əməkdaşları, ADPU-nun Şəki filialının tələbələri iştirak ediblər.
08 may 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: xalqın nicat yolunun təminatçısı” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı Şəki Regional Elmi Mərkəzin direktor vəzifəsini icra edən, fil. e. d., dos. Kamil Adışirinov açaraq tədbirin əhəmiyyətindən danışıb. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müasir inkişaf strategiyasının formalaşdırılmasında müstəsna rolunu vurğulayıb, konfransın işinə uğur arzulayıb.
Çıxış üçün söz Tarix və Epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənova verilib.
O, “Heydər Əliyev: Sovet dövründə uzaqgörən rəhbərlik nümunəsi” adlı məruzəsində qeyd edib ki, tarixi şəxsiyyətləri zaman yetişdirir, lakin tarixi şəxsiyyətlər də öz növbəsində tarixin gedişatına yön verərək onun istiqamətini dəyişirlər. Məruzəçi vurğulayıb ki, Heydər Əliyev Sovet dövründə Azərbaycanın inkişafı və idarəetmə sisteminin formalaşmasında uzaqgörən siyasəti ilə seçilən, tarixin yönünü dəyişən görkəmli dövlət xadimi olub.
O, həmçinin bildirib ki, Heydər Əliyev geniş təşkilatçılıq qabiliyyətinə malik idi, kadrların düzgün seçilməsi və formalaşdırılması istiqamətində məqsədyönlü siyasət həyata keçirir, insanları ətrafında birləşdirərək dövlət idarəçiliyində səmərəli komanda yarada bilirdi. Bu xüsusiyyətləri onun böyük siyasi lider kimi formalaşmasında mühüm rol oynamışdır.
Məruzəçi Azərbaycanda təhlükəsizlik orqanlarının milliləşdirilməsi və milli kadr potensialının gücləndirilməsinin məhz Heydər Əliyevin dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Bu addımları Ulu Öndərin dövlət müstəqilliyi ideyalarına xidmət edən uzaqgörən rəhbərliyinin bariz nümunəsi kimi dəyərləndirilib.
Çıxışın sonunda məruzəçi Heydər Əliyev irsinin müasir dövr üçün də aktual olduğunu və onun dövlətçilik təcrübəsinin elmi tədqiqatlar üçün mühüm mənbə təşkil etdiyini qeyd edib.
Sonra "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur" mövzusunda məruzə ilə Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev çıxış edib.
Məruzəçi çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi prosesindəki müstəsna xidmətlərindən bəhs edib. O, bildirib ki, Ulu Öndərin siyasi fəaliyyəti ölkədə dövlət idarəçiliyinin müasir əsaslar üzərində qurulmasına, ictimai-siyasi sabitliyin təmin olunmasına və milli inkişaf strategiyasının formalaşdırılmasına şərait yaradıb.
Elçin Vəliyev vurğulayıb ki, müstəqillik illərində həyata keçirilən islahatların ideoloji və praktiki əsasları məhz Heydər Əliyevin dövlətçilik konsepsiyasına söykənir. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirib, suveren dövlət kimi inkişaf yoluna çıxıb.
Məruzəçi qeyd edib ki, Heydər Əliyevin zəngin irsi bu gün də Azərbaycan dövlətçiliyinin inkişafında mühüm ideya mənbəyi olaraq qalır.
Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi işçisi Tural Adışirinov "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" adlı məruzəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, Ulu Öndərin mədəniyyət və ədəbiyyat siyasəti milli ədəbi irsin qorunması, klassik və müasir ədəbiyyat nümunələrinin təbliği, yazıçı və şairlərin yaradıcılığının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məruzəçi, həmçinin Heydər Əliyevin mədəniyyətə verdiyi dəyərin milli kimliyin qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb.
Sonda Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Azərbaycan Respublikasının inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi istiqamətindəki tarixi xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilib.








