Şəki Regional Elmi Mərkəzdə “Böyük Vətən müharibəsi xalqımızın rəşadət və qəhrəmanlıq səlnaməsinin parlaq səhifəsidir” mövzusunda elmi seminar keçirilib
May 06, 2026 | 03:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzində 06 may 2026-cı il tarixində Alman faşizmi üzərində qazanılmış tarixi qələbənin 81-ci ildönümünə həsr olunmuş “Böyük Vətən müharibəsi xalqımızın rəşadət və qəhrəmanlıq səlnaməsinin parlaq səhifəsidir” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının, fiz.ü.f.d., dos. Yusif Şükürlünün və Böyük Vətən müharibəsi qurbanlarının xatirəsi yad edilib.
İclası Şəki Regional Elmi Mərkəzinin direktor vəzifəsini icra edən, fil.e.d., dos. Kamil Adışirinov açaraq seminarın əhəmiyyətindən bəhs edib. 9 May Qələbə Günü münasibətilə iştirakçıları təbrik edib, seminarın işinə uğur diləyib.
Seminarda Şəki REM-in Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev "Faşizm üzərində qələbədə Azərbaycanın yeri və rolu" mövzusunda çıxış edib.
Məruzəçi Böyük Vətən müharibəsində azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdikləri rəşadət və fədakarlıqdan geniş şəkildə bəhs edib. Bildirib ki, azərbaycanlı hərbçilər Stalinqrad, Ukrayna, Polşa və Çexoslovakiya, Yuqoslaviya, İtaliya, Fransa və Şimali Qafqaz uğrunda gedən döyüşlərdə fəal iştirak edərək böyük qəhrəmanlıq nümunələri göstəriblər.
O, təkcə azərbaycanlı kişilərin deyil, qadınların da müharibənin gedişində mühüm rol oynayıb, snayperçi, təyyarəçi və tibb işçisi kimi cəbhədə xidmət etdiklərini nəzərə çatdırıb.
Sonda Elçin Vəliyev vurğulayıb ki, tarix boyu xalqımızın göstərdiyi qəhrəmanlıq ənənələri bu gün də davam etdirilir. O qeyd edib ki, müasir dövrdə də Azərbaycan xalqı, lideri və ordusu eyni birlik və əzmkarlıq nümayiş etdirərək ölkənin müstəqilliyini və ərazi bütövlüyünü bərpa etmişdir. Məruzəçi gənc nəslin bu tarixi irsdən nəticə çıxarmasının və vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini xüsusi olaraq diqqətə çatdırıb.
Daha sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov “Böyük Vətən müharibəsi illərində şəkililər ön və arxa cəbhədə: tarixi təhlil” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi çıxışında Böyük Vətən müharibəsi illərində Şəki rayonundan cəbhəyə yollanan minlərlə insanın göstərdiyi igidlikdən bəhs edib, onların müxtəlif cəbhələrdə apardıqları döyüşlər və qazandıqları uğurlar haqqında ətraflı məlumat verib.
O, həmçinin orden və medallarla təltif olunan şəkili döyüşçülər, hərbi həkimlər və tibb işçilərindən danışaraq, onların xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu vurğulayıb.
O vurğulayıb ki, həm ön, həm də arxa cəbhədə göstərilən bu şücaət gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olmaqla yanaşı, daim öyrənilməli və təbliğ olunmalıdır.
Sonda fik.e.d. Kamil Adışirinovun “Böyük Vətən müharibəsi illərində ədəbiyyat” mövzusu üzrə məruzəsi dinlənilib.
Məruzəçi müharibə illərində ədəbiyyatın ideoloji və mənəvi cəbhədə oynadığı roldan bəhs edib, həmin dövrdə yazıb-yaratmış Azərbaycan şair və yazıçılarının əsərlərində vətənpərvərlik, qəhrəmanlıq və fədakarlıq motivlərinin geniş yer aldığını vurğulayıb.
Dosent qeyd edib ki, müharibə dövrü ədəbiyyatı xalqın ruh yüksəkliyinin qorunmasında, döyüşçülərin qələbəyə inamının möhkəmləndirilməsində mühüm rol oynayıb.
Kamil Adışirinov həmin illərdə qələmə alınmış şeir, hekayə və publisistik nümunələrin bu gün də tarixi yaddaşın formalaşmasında əhəmiyyətini qoruyub saxladığı bildirilib.