Şəki Regional Elmi Mərkəzdə “XVIII-XIX əsrlərdə Şəkidə memarlığın inkişafı” adlı elmi-praktiki konfrans keçirilib
May 07, 2026 | 04:00
May 07, 2026 | 04:00
07 may 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzi və " Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin "Şəhərsalma və Memarlıq İli" haqqında Sərəncamının icrası çərçivəsində “XVIII-XIX əsrlərdə Şəkidə memarlığın inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Şəki Regional Elmi Mərkəzin direktor vəzifəsini icra edən, fil.e.d., dos. Kamil Adışirinov konfransı giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, XVIII-XIX əsrlərdə Şəki şəhərində formalaşan memarlıq ənənələri Azərbaycanın zəngin mədəni irsinin mühüm tərkib hissəsidir. Dosent qeyd edib ki, həmin dövrlərdə inşa olunan yaşayış evləri, karvansaralar, məscidlər, köprülər və digər memarlıq abidələri bu gün də öz tarixi və estetik dəyərini qoruyub saxlayır. O, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu cür tədbirlərin milli memarlıq irsinin öyrənilməsi və təbliği baxımından mühüm rol oynadığını vurğulayıb və tədbirin işinə uğur arzulayıb.
Tədbirdə "Şəki Xan Sarayı: mülahizələr, tarixi həqiqətlər və yanlışlıqlar” mövzusunda çıxış edən İradə Yusifova bildirib ki, Şəki Xan Sarayı yalnız Azərbaycanın deyil, bütövlükdə Şərq memarlığının nadir incilərindən biridir. O qeyd edib ki, sarayın memarlıq üslubu, interyerində istifadə olunan nəqqaşlıq nümunələri, rəng harmoniyası və şəbəkə sənəti XVIII əsr Azərbaycan memarlıq məktəbinin yüksək inkişaf səviyyəsini əks etdirir.
Məruzəçi Şəki Xan Sarayının inşa tarixi ilə bağlı müxtəlif mənbələrdə bir-birini təkzib edən məlumatlara rast gəlinməsi, bəzi araşdırmalarda sarayın tikilmə tarixinin yanlış göstərilməsi, eləcə də tikintinin ayrı-ayrı dövrlərlə əlaqələndirilməsinin tarixi həqiqətlərlə üst-üstə düşmədiyini bildirib.
İradə Yusifova qeyd edib ki, sarayın tikintisində yerli ustaların xüsusi rolu olub və burada tətbiq edilən memarlıq elementləri Şəki sənətkarlıq məktəbinin zəngin ənənələrini özündə birləşdirir, bu irsin qorunması və gələcək nəsillərə çatdırılması milli-mədəni dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra söz Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi Sevil Mirzəliyevaya verilib. O, "Şəkinin tarixi körpüləri” mövzusunda məruzə ilə çıxış edərək Şəki şəhərinin tarixi memarlıq irsi sırasında qədim körpülərin xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, şəhərin mürəkkəb relyefi və çay şəbəkəsi tarixən burada müxtəlif tipli körpülərin inşasını zəruri edib və bu tikililər həm nəqliyyat, həm də ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb.
Məruzəçi Şəkinin tarixi körpülərinin yalnız mühəndislik baxımından deyil, memarlıq-estetik xüsusiyyətlərinə görə də diqqət cəlb etdiyini daş və bişmiş kərpicdən inşa olunan bu körpülərdə yerli memarlıq ənənələrinin və xalq tikinti üsullarının izlərinin aydın göründüyünü vurğulayıb, tarixi körpülərin qorunmasının və bərpasının milli-mədəni irsin yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra çıxış üçün söz "Qoruqları İdarəetmə Mərkəzi"nin elmi işçisi Zəminə Rəsulovaya verilib.
Məruzəçi çıxışında Şəkinin "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisinin zəngin memarlıq irsi ilə seçildiyini, ərazinin təkcə yaşayış məhəllələrini deyil, həm də şəhərin ictimai və dini həyatını əks etdirən mühüm abidələri özündə birləşdirdiyini qeyd edib. O, qoruq ərazisində yerləşən tarixi hamamlara xüsusi diqqət çəkərək onların həm gigiyenik mədəniyyətin, həm də ictimai, sosial həyatın mühüm tərkib hissəsi olduğunu nəzərə çatdırıb.
Zəminə Rəsulova qoruq ərazisindəki digər tarixi-memarlıq nümunələrinin-yaşayış evlərinin, küçə strukturu və ictimai tikililərin - bütövlükdə şəhərin tarixi simasını qoruyub saxladığını və bu irsin sistemli şəkildə öyrənilməsinin, bərpasının, gələcək nəsillərə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını da qeyd edib.
Sonda konfrans iştirakçıları tərəfindən mövzular ətrafında geniş müzakirələr aparılıb, təqdim olunan məruzələrin mövzu baxımından aktuallığı qeyd edilərək, bu cür elmi-praktiki tədbirlərin davamlı olmasının əhəmiyyəti diqqətə çatdırılıb.








