Şəki Regional Elmi Mərkəzin əməkdaşları Zaqatalada folklor ekspedisiyasında olublar
May 04, 2026 | 11:35
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin əməkdaşları-şöbə rəhbəri, fil.ü.f.d. İradə Yusifova, elmi işçi Tural Adışirinov və Mərkəzin əməkdaşı Şahmar Babayev 2026-cı ilin aprel ayında Zaqatala rayonunun Yeni Suvagil kəndində folklor ekspedisiyasında olublar.
Ekspedisiyanın məqsədi kəndin zəngin folklor irsinin, ədəbi-mədəni mühitinin, eləcə də yerli əhalinin adət-ənənələri, məşğuliyyət sahələri və etnik xüsusiyyətlərinin öyrənilməsi olub.
Ekspedisiya üzvləri kəndin 2 saylı tam orta məktəbində keçirilən görüşdə kəndin tarixi və sosial xüsusiyyətləri barədə məlumat əldə ediblər. Bildirilib ki, əhalinin 98 faizini saxurlar, 2 faizini azərbaycanlılar təşkil edir, əsas məşğuliyyət sahələri isə maldarlıq, qoyunçuluq və bostançılıqdır.
Ekspedisiya çərçivəsində kəndin imamı Aqil Babayev, Ağsaqqallar şurasının sədri Qeybulla Seyidov, İcra nümayəndəsi İlham Məmmədov, eləcə də bədii yaradıcılıqla məşğul olan Cuma Məmmədov və digər folklor biliciləri ilə müsahibələr aparılıb. Yerli əhalinin məişəti, məşğuliyyəti və adət-ənənələri barədə məlumatlar toplanıb.
Müsahibələr zamanı Cuma Məmmədovun “Saxur şairlərinin antologiyası”nda dərc olunan şeirləri, həmçinin I Qarabağ müharibəsi şəhidi Müzəffər Məmmədoğlunun ölümündən sonra nəşr edilən şeirlər kitabı haqqında fikir mübadiləsi aparılıb.