Mingəçevir Dövlət Universitetinin tələbə və müəllimləri AMEA-nın Şəki Regional Elmi Mərkəzində elmi tədqiqatlara qoşulub
Apr 16, 2026 | 03:00
Apr 16, 2026 | 03:00
16 aprel 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının əməkdaşları, magistrant və tələbələri AMEA-nın Şəki Regional Elmi Mərkəzində keçirilən elmi-tədqiqat prosesində iştirak ediblər.
Tədqiqat prosesində kafedra müdiri, fiz.ü.f.d., dosent Təranə Yusibova, bio.ü.f.d. Vüsalə Mustafayeva, baş müəllim Rayihə Ağayeva, həmçinin kafedranın digər əməkdaşları, magistrantlar və tələbələr yer alıblar.
Tədqiqat çərçivəsində Ekoloji biofizika və Bitkilərin biokimyası şöbələrində səth sularının hidrogeokimyəvi analizləri tələbələrə əyani şəkildə nümayiş etdirilib. Səth sularında anion və kationların tərkibi, bulanıqlıq və codluq kimi göstəricilərin müəyyən edilməsi prosesi kiçik elmi işçi Vəfa Məmmədli tərəfindən izah olunub və praktik olaraq göstərilib.
Ekoloji biofizika şöbəsinin fəaliyyət istiqamətinə uyğun olaraq “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatların, o cümlədən bioloji müxtəlifliyin tədqiqi və səmərəli istifadəsi” mövzusunda şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İlqar İsmayılov və Elmi katib Vəfa Atayeva tərəfindən aparılan tədqiqatların aktuallığı, məqsədi və səmərəliliyi tələbələrə ətraflı şəkildə izah olunub.
Eyni zamanda, Bitkilərin biokimyası şöbəsinin müdiri Ayşən Salmanova rəhbərlik etdiyi “Regionlarda yabanı bitkilərin genetik ehtiyatlarının təbii areallarında tədqiqi, mühafizəsi, bərpası, çoxaldılması və səmərəli istifadəsi” istiqaməti üzrə aparılan tədqiqatlar haqqında iştirakçılara məlumatlar verib.
Vəfa Atayeva və Ayşən Salmanova həmçinin Mingəçevir Dövlət Universitetinin müəllimləri kimi elmi və tədris proseslərinin inteqrasiyasında fəal iştirak edərək, həyata keçirilən tədqiqatların tədris prosesində tətbiqi və tələbələr üçün əhəmiyyəti barədə məlumat veriblər.
Praktiki proses çərçivəsində şöbə əməkdaşları – böyük laborant Məryəm Mikayıllı və kiçik elmi işçi Fidan Babayeva tərəfindən tut ipəkqurdunun məhsulları, o cümlədən ipək lifinin əldə olunması üsulları əyani şəkildə nümayiş etdirilib.
Qeyd edək ki, həyata keçirilən bu praktiki proses tələbələrin biliklərinin möhkəmləndirilməsi, elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və nəzəri biliklərin praktik tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.








