Elm Gününə həsr olunmuş onlayn elmi seminar keçirilib
Apr 01, 2026 | 04:00
Apr 01, 2026 | 04:00
01 aprel 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə 27 mart – Elm Gününə həsr olunmuş “Müasir elmi çağırışlar: vəzifələr və perspektivlər” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarın moderatoru, Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev Elm gününün təsis edilməsinin Respublika Prezidenti İlham Əliyevin Azərbaycan elminə göstərdiyi diqqət və dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib, tədbirin əsas məqsədinin müasir dövrdə elmin qarşısında duran aktual çağırışları müzakirə etmək, ictimai və humanitar elmlərin inkişaf istiqamətlərini müəyyənləşdirmək, elmi fəaliyyətin keyfiyyətinin artırılması yollarını araşdırmaq və gənc alimlərin bu prosesdə rolunu gücləndirməkdən ibarət olduğunu vurğulayıb və tədbirin işinə uğur diləyib.
Tədbirdə çıxış edən Şəki Regional Elmi Mərkəzin Elmi katibi Vəfa Atayeva çıxışında seminarın, həmçinin elm sahəsində aparılan islahatlar, rəqəmsal yanaşmaların tətbiqi və yeni reallıqlar fonunda elmi prioritetlərin müəyyən edilməsi istiqamətində fikir mübadiləsi aparmaq məqsədi daşıdığını diqqətə çatdırıb. O, elmin cəmiyyətin inkişafının mühərriki, sabahın açarı, ümumilikdə həyat fəlsəfəsi və düşüncə tərzi olduğunu, həmçinin AMEA-nın ölkənin elmi və intellektual potensialının formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Seminar çərçivəsində müxtəlif mövzularda məruzələr dinlənilib. Lənkəran REM-in direktor müavini,t.ü.f.d. Samir Kərimov ictimai və humanitar elmlərin qarşısında duran müasir vəzifələrdən bəhs edib. Şəki REM-in Gənc alim və mütəxəssislər şurasının sədri Elvin Rüstəmov isə gənc alimlərin elmi inkişafda rolu və dövlət dəstəyi məsələlərinə toxunub.
Çıxışlarda bildirilib ki, son illərdə AMEA-da həyata keçirilən islahatlar Akademiyanın fəaliyyət istiqamətlərinin yenilənməsinə səbəb olub. Xüsusilə, humanitar və ictimai elmlərin inkişafında yeni yanaşmaların tətbiqi və rəqəmsal platformaların geniş istifadəsi ön plana çəkilib.
Natiqlər, həmçinin 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqların elmi tədqiqatlara da təsir etdiyini nəzərə çatdırıblar. Çıxışlarda azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində alimlərin iştirakı xüsusi qeyd olunub.
Müzakirələr zamanı çıxış edən Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, fil.ü.f.d. İradə Yusifova, Lənkəran REM-in Herontoloji tədqiqatlar şöbəsinin müdiri, bio.ü.f.d., dos. Sevinc Hüseynova qeyd ediblər ki, bu günün keçirilməsi ölkədə elmi mühitin daha da inkişaf etməsinə təkan verir və gənc nəslin elmə olan marağının artmasına müsbət təsir göstərir.
Sonda tədbirin əhəmiyyəti bir daha vurğulanaraq bildirilib ki, bu cür elmi seminarlar aktual məsələlərin müzakirəsi, təcrübə mübadiləsinin aparılması və elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynayır. İştirakçılar gələcəkdə də bu kimi təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd edərək, seminarın işini yüksək qiymətləndiriblər.








