AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Bağçılıq və meşəçilikdə süni intellektin tətbiqi” mövzusunda elmi seminar keçirilib
Mart 18, 2026 | 02:00
Mart 18, 2026 | 02:00
Seminarda Şəki Dövlət Regional Kollecinin Meşə parkı ixtisasının III kurs tələbələri iştirak ediblər.
Seminarda Elektron xidmətlər və süni intellekt şöbəsinin şöbə müdiri vəzifəsini icra edən Namiq Abdurahmanov məruzə ilə çıxış edib. O, çıxışında süni intellekt texnologiyalarının aqrar sahədə, xüsusilə bağçılıq və meşəçilikdə tətbiq imkanlarından bəhs edib.
Məruzəçi qeyd edib ki, müasir dövrdə süni intellekt vasitəsilə bitkilərin xəstəliklərinin erkən mərhələdə aşkarlanması, ağıllı suvarma sistemlərinin tətbiqi ilə su ehtiyatlarından səmərəli istifadə, peyk və dron texnologiyaları vasitəsilə meşə sahələrinin operativ monitorinqi mümkün olur. O, həmçinin məhsuldarlığın əvvəlcədən proqnozlaşdırılması, torpaq analizlərinin avtomatlaşdırılması və ağıllı istixana sistemlərinin qurulmasının kənd təsərrüfatında innovativ yanaşmaların əsas istiqamətlərindən olduğunu vurğulayıb.
Məruzədə bildirilib ki, bu texnologiyaların tətbiqi həm məhsuldarlığın artırılmasına, həm də ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir. Eyni zamanda, rəqəmsal həllərin genişləndirilməsi aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasında vacib rol oynayır.








