AMEA-nın Şəki Regional Elmi Mərkəzində Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub
Fev 27, 2026 | 04:00
Fev 27, 2026 | 04:00
27 fevral 2026-cı il tarixində Şəki REM-in akt zalında Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Şəki REM-in əməkdaşları ilə yanaşı, FHN-nin Mülki Müdafiə Qoşunlarının Şəkidə yerləşən N saylı Xilasetmə Taborunun zabitləri E. Abdullayev və S. Əliyev iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin, həmçinin Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, mülki müdafiə hazırlığının əhəmiyyətindən, Ümumdünya Mülki Müdafiə Gününün beynəlxalq tarixi bir gün olmasından danışıb. Qeyd edib ki, Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən 2026-cı ilin mövzusunun “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi ” adı ilə təsdiq edilməsi barədə qərar qəbul edilib və bu barədə məruzə ilə çıxış üçün sözü Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şəkidə yerləşən N saylı xilasetmə taborunun zabiti, baş leytenant Cavidan Əhmədliyə verib.
Cavidan Əhmədli çıxışında Mülki Müdafiə Qoşunlarının fəaliyyət istiqamətindən və döyüş hazırlığından bəhs edərək, FHN-nin Ümumdünya Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. O, FHN-nin əməkdaşlarının əsas vəzifəsinin əhalinin və ərazilərin mühafizəsi, fövqəladə hallardan, yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması, təhlükəsiz cəmiyyət sisteminin formalaşması ilə bağlı görülən işlər olduğunu nəzərə çatdırıb. Məruzəçi əlavə edib ki, son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən mülki müdafiə sistemi müasir tələblər səviyyəsində təmin edilib və bundan sonra da FHN-nin MMQ-nın şəxsi heyəti ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifəni daha yüksək keyfiyyətlə, operativ şəkildə və sədaqətlə yerinə yetirəcəkdir.
Sonra mövzu ətrafında müzakirələrə yer verilib, iştirakçıların sualları cavablandırılıb. Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı hazırlanmış videoçarxlar nümayiş olunub.
Tədbirin sonunda iştirakçılar Mülki Müdafiə tədris otağındakı əyanı vəsaitlərlə tanış olublar.








