21 Fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir
Fev 21, 2026 | 12:00
Hər il 21 fevral tarixində dünyada UNESCO tərəfindən elan olunmuş Beynəlxalq Ana Dili Günü qeyd edilir. Bu günün əsas məqsədi dil müxtəlifliyini qorumaq, ana dillərinin inkişafını dəstəkləmək və yox olmaq təhlükəsi ilə üz-üzə qalan dillərə diqqət çəkməkdir.
Azərbaycan dili əsrlərin keşməkeşli yollarından uğurla keçərək öz varlığını qoruyub saxlamış möhtəşəm dillərdən biridir. Tarixin müxtəlif dövrlərində xalqımız siyasi, ictimai və mədəni çətinliklərlə üzləşsə də, ana dilimiz bütün bu sınaqlardan üzüağ çıxıb. O, zaman-zaman yad təsirlərə məruz qalsa da, öz zənginliyini, ahəngini və ifadə gücünü itirməyib.
Azərbaycan dili xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və mədəni irsinin daşıyıcısıdır. Bu gün hər birimizin borcu Azərbaycan dilini sevmək, onu qorumaq, düzgün və saf şəkildə gələcək nəsillərə ötürməkdir.
Qoy ana dilimiz daim yaşasın, inkişaf etsin və milli birliyimizin möhkəm təməli olaraq varlığını əbədi qorusun!
Bayramınız mübarək, əziz həmvətənlər!