AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlüyə "Tərəqqi" medalı təqdim edilib Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Yan 10, 2026 | 12:00
İclas çərçivəsində Azərbaycan elminin inkişafına verdiyi töhfələrlə seçilən alimlərin fəaliyyəti yüksək dəyərləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” Sərəncamı ilə təltif edilmiş Şəki Regional Elmi Mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlüyə “Tərəqqi” medalı təqdim edilib. Mükafatı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli təqdim edərək, Yusif Şükürlünün elmi-təşkilati və səmərəli rəhbərlik fəaliyyətini regionda elmin inkişafına verdiyi sanballı töhfələri xüsusi vurğulayıb.
Bu təltifin ölkədə elmin inkişafına xidmət edən alimlərin əməyinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edən ak. İsa Həbibbəyli Mərkəzin gələcək elmi və elmi-təşkilatı fəaliyyətində yeni uğurlar arzulayıb.
İclasda həmçinin filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov Şəki REM-in Tarix və epiqrafika şöbəsinin müdiri və Elşən Abdurahmanov Şəki REM-in Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri vəzifəsinə təsdiq ediliblər.