Şəkidə "Azərbaycan neft kimyasının banisi: Yusif Məmmədəliyev" adlı elmi-praktiki konfrans keçirilib
Dek 26, 2025 | 06:00
Şəki Şəhər İcra Hakimiyyətinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 dekabr 2025-ci il tarixində akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş "Azərbaycan neft kimyasının banisi: Yusif Məmmədəliyev" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda elm və təhsil müəssisələrinin nümayəndələri, alimlər, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
Moderator Şəki şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Xumar Musayeva tədbirin keçirilməsində əsas məqsədin Yusif Məmmədəliyevin Azərbaycan elminin, xüsusilə neft-kimya sahəsinin inkişafındakı misilsiz xidmətlərini xatırlatmaq və gənc nəsil arasında alimin elmi irsinin təbliğ edilməsi olduğunu bildirib və sözü Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablıya verib.
Xəyalə Töhrablı konfrans iştirakçılarını salamlayıb. O, Yusif Məmmədəliyevin təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınan görkəmli alim olduğunu söyləyib və onun ölkəmizdə neft kimyası sahəsində apardığı tədqiqatlar, əldə etdiyi elmi nailiyyətlər, yetişdirdiyi elmi kadrlar haqqında ətraflı məlumat verib.
Məruzəçi belə tədbirlərin Azərbaycan elminin tanıdılması və gənclərin elmə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, konfransın işinə uğur diləyib.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü "Alman faşizminə qarşı mübarizənin taleyini dəyişən azərbaycanlı alim: Yusif Məmmədəliyev" mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, akademik Yusif Məmmədəliyev Alman faşizminə qarşı mübarizədə mühüm rol oynamış alim kimi də tarixdə iz qoymuş, onun elmi fəaliyyəti müharibənin taleyinə təsir edən strateji sahələrdən biri olan yanacaq və sürtkü materiallarının inkişafına yönəlmişdir.
Direktor müharibə dövründə hərbi texnikanın fasiləsiz işləməsi üçün yüksək keyfiyyətli yanacaq və sürtkü yağlarına böyük ehtiyacın olduğunu, Yusif Məmmədəliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə aviasiya və hərbi texnika üçün xüsusi yanacaq növlərinin və əlavələrin hazırlandığını, eyni zamanda bütün bunların Sovet ordusunun texniki üstünlüyünün təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Yusif Şükürlü əlavə edib ki, məhz yorulmaz elmi fəaliyyətinə və elmi töhfələrinə görə, Yusif Məmmədəliyev yalnız laboratoriya alimi deyil, həm də elmi biliyi ilə tarixin gedişinə təsir göstərmiş bir şəxsiyyət kimi dəyərləndirilməlidir.
Şəki Regional Elmi Mərkəzinin Elmi katibi Vəfa Atayeva "Neft-qaz kimyası və texnologiyasında Yusif Məmmədəliyevin rolu" mövzulu məruzəsində kimya elminin inkişafına böyük töhfələr vermiş Yusif Məmmədəliyevin güclü elmi məktəb yaratdığını vurğulayıb. Qeyd edib ki, alimin katalitik proseslər, yüksək oktanlı yanacaqlar və sintetik materialların alınması ilə bağlı apardığı araşdırmalar neft-kimya sənayesində geniş tətbiq olunmuş, Yusif Məmmədəliyevin elmi fəaliyyəti hasilat və emal proseslərinin səmərəliliyinin artırılmasına, müasir neft-qaz texnologiyalarının formalaşmasına imkan yaratmışdır. O, Yusif Məmmədəliyevin elmi irsinin bu gün də neft-qaz kimyası sahəsində çalışan mütəxəssislər üçün mühüm elmi baza rolu oynadığını nəzərə çatdırıb.
Sonda akademik Yusif Məmmədəliyevin elmi fəaliyyətini əks etdirən videoçarx nünayiş olunub.