AMEA-nın Elm və Təhsil şöbəsinin əməkdaşları Şəki Regional Elmi Mərkəzdə olublar
Dek 22, 2025 | 03:00
22 dekabr 2025-ci il tarixində AMEA-nın Elm və Təhsil şöbəsinin müdiri, fil.e.d. Sərxan Xavərinin rəhbərliyi ilə bir qrup əməkdaş Şəki Regional Elmi Mərkəzin fəaliyyətini qiymətləndirmək, elmi-tədqiqat işlərinin nəticələrinin keyfiyyətini və tətbiq sahələrini müzakirə etmək məqsədilə Şəkiyə səfər ediblər.
Şəki REM-in direktoru, fiz.ü.f.d.,dos. Yusif Şükürlü qonaqları salamlayıb, mərkəzin fəaliyyəti və gələcək planlar barədə qısa bir təqdimat edib. O, Şəki Regional Elmi Mərkəzin son illərdə həyata keçirdiyi mühüm tədqiqatlar və layihələr barədə danışaraq mərkəzin regionda elmi inkişafın təşviqindəki rolunu vurğulayıb.
Mərkəzin Elmi katibi Vəfa Atayeva Şəki Regional Elmi Mərkəzin 2025-ci il üçün illik hesabatını təqdim edib. Hesabatda elmi nəticələr, mərkəzin həyata keçirdiyi tədqiqatlar, həmçinin elmi-kütləvi tədbirlər barədə geniş məlumatlar yer alıb.
Daha sonra Şəki Regional Elmi Mərkəzin 9 elmi-tədqiqat şöbəsinin rəhbərləri ilə əldə olunan elmi nəticələrin geniş müzakirəsi aparılıb. Hər bir şöbə rəhbəri öz sahəsi üzrə əldə edilən elmi nəticələri təqdim edərək, tədqiqatların gedişatını, qarşıya çıxan çətinlikləri və gələcəkdə izlənəcək inkişaf istiqamətlərini ətraflı şəkildə izah edib.
AMEA-nın Elm və Təhsil şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sərxan Xavəri çıxış edərək, bugünkü hesabatın olduqca yüksək səviyyədə keçdiyini bildirib. O, Şəki Regional Elmi Mərkəzin fəaliyyətini qiymətləndirərək, bu qurumun elmi tədqiqatlarının multidissiplinar yanaşma ilə aparıldığını və müxtəlif elm sahələrini əhatə etdiyini vurğulayıb. Sərxan Xavəri qeyd edib ki, Şəki REM-də bölgənin tarixi, arxeologiyası, genezisi, milli-mənəvi dəyərləri, ekologiyası, landşaftı, iqtisadiyyatı və digər sahələr üzrə aparılan əhəmiyyətli elmi tədqiqatlar diqqətəlayiqdir.
Sərxan Xavəri həmçinin çıxış edən alimlərin yüksək elmi səviyyələrindən danışıb və onların problemə elmi yanaşmalarını, nəzəri-metodoloji baxış bucaqlarını, həmçinin leksikada terminologiyadan istifadələrini təqdir edib. O, Şəki REM-in əməkdaşlarının paytaxtdan yüzlərlə kilometr uzaqda olmalarına baxmayaraq, bu fiziki-coğrafi məkan uzaqlığının onların elmi fəaliyyətinə heç bir maneə yaratmadığını qeyd edib. Sərxan Xavəri mərkəzin əməkdaşlarının artıq bir "virtual məkan" içində fəaliyyət göstərdiyini və elmi işlərin müasir tələblərə uyğun şəkildə irəlilədiyini söyləyib.
Çıxışının sonunda Sərxan Xavəri, Şəki REM-in direktoru Yusif Şükürlüyə və bütün kollektivə gələcək işlərində uğurlar arzulayıb.
Sonda, qonaqlara Şəki Regional Elmi Mərkəzin əməkdaşları tərəfindən nəşr olunan, mərkəzin son illərdəki tədqiqatlarının nəticələrini və elmi inkişafını əks etdirən, həmçinin elmin müxtəlif sahələrindəki mühüm mövzulara dair ətraflı məlumatlar verən kitablar təqdim edilib.