Şəki Regional Elmi Mərkəzdə növbəti Elmi Şura iclası keçirilib
Dek 02, 2025 | 05:08
02 dekabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində növbəti Elmi Şura iclası keçirilib.
İclasda 14 nəfər Elmi Şura üzvü, şöbə rəhbərləri, elmi işçilər iştirak ediblər.
İclası açan Şəki REM-in direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, gündəlik səsə qoyularaq təsdiq edilib.
Gündəlikdəki birinci məsələ "Azərbaycan Respublikası Prezidentinin "I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamının AMEA-da icrasından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 31 oktyabr 2025-ci il tarixli 19/1 saylı və tədbirlər planının təsdiq edilməsi haqqında, 26 noyabr 2025-ci il tarixli 24/1 saylı qərarlar barədə"- Şəki REM-in elmi işlər üzrə direktor müavini, f.e.d., dos. Kamil Adışirinov məlumat verib. Bildirib ki, cənab Prezidentin müvafiq Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq AMEA-nın elmi bölmələri, regional elmi bölmələri və mərkəzləri, elmi müəssisə və təşkilatları üçün tədbirlər planının hazırlanmasına dair təkliflər Şəki REM tərəfindən hazırlanıb. O, AMEA Rəyasət Heyətinə təqdim edilən "türkçülüyün qədimliyinin toponomik xüsusiyyətlərdə əks olunmasını nəzərə alaraq Şimal-qərb regionundakı bəzi toponimlərin tarixi köklərinin qədimliyinin araşdırılması" ilə bağlı təklifin AMEA-nın tədbirlər planına daxil edildiyini, bu təkliflə bağlı Şəki REM-də "Şəki şəhəri və çevrəsinin toponimik xüsusiyyətləri" mövzusunda elmi seminarın keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Elmi Şura bu mövzunun geniş müzakirə və elmi ictimaiyyətin məlumatlandırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, seminarın dekabr ayının 3-cü ongünlüyündə keçirilməsi barədə qərar qəbul edib.
Elektron xidmətlər şöbəsinin rəhbəri Namiq Abdurahmanov gündəlikdəki ikinci məsələ- Şəki REM-in "AMEA Rəyasət Heyətinin 12 noyabr 2025-ci il tarixli AMEA-nın elmi müəssisə və təşkilatlarının Elektron xidmətlər şöbələrinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi haqqında 20/2 saylı qərar"ı səsləndirib.
Qərarın icrasından irəli gələn tələblər nəzərə alınaraq Şəki Regional Elmi Mərkəzin Elmi Şurası tərəfindən müvafiq struktur dəyişikliyinin aparılması barədə qərar qəbul edilib. Belə ki, mövcud Elektron xidmətlər şöbəsinin adının müasir rəqəmsal inkişaf tendensiyalarına uyğunlaşdırılması məqsədilə “Rəqəmsal texnologiya və elektron xidmətlər” şöbəsi adı ilə əvəz edilməsi və əsas şöbə kimi fəaliyyət göstərməsi qərara alınıb.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq Arxeologiya və etnoqrafiya şöbəsinin rəhbər və elmi işçi vəzifələrinə seçki keçirilib. Səsvermə prosesi gizli aparılıb və nəticələr protokollaşdırılıb. Nəticələrə əsasən, Elşən Abdurahmanov Arxeologiya və etnoqrafiya şöbəsinin rəhbəri vəzifəsinə, Aygül Xəlilova elmi işçi vəzifəsinə seçiliblər.
Əməkdaşlarımızı təbrik edirik, bu təyinatların şöbənin elmi-araşdıma istiqamətlərinin inkişafına mühüm töhfə verəcəyinə inanırıq.