Şəki REM-də “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabın təqdimatı olub
Noy 28, 2025 | 06:00
Noy 28, 2025 | 06:00
28 noyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib
Torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri açan Şəki REM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü qonaqları salamlayıb və iştirakçıları müəllif Vəfaddin İbayevlə tanış edib. O, “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının Şəki REM-də müzakirəyə təqdim olunmasının əsas məqsədinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, suverenlik ideyasının elmi-hüquqi əsaslarla təbliği, eləcə də müasir siyasi proseslərin dəyərləndirilməsi istiqamətində aparılan araşdırmaların region alimləri ilə bölüşdürülməsi və elmi müzakirə mühitinin genişləndirilməsi olduğunu bildirib və tədbirin işinə uğur diləyib.
“Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının müəllifi Vəfaddin İbayev çıxış edərək kitabın məzmunu barədə ətraflı məlumat verib. Məruzəçi qeyd edib ki, əsər 33 fəsildən ibarətdir və tədqiqat üç əsas istiqamət üzrə aparılıb. Kitabda Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasətinin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətləri, çıxışları və müsahibələri hər üç istiqamət üzrə sistemli şəkildə təhlillər aparılıb.
O, həmçinin qeyd edib ki, kitabda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdükləri ideyaların həyata keçirilməsi geniş şəkildə təhlil olunur, bu kontekstdə ordu quruculuğu, vətənpərvərlik ruhunun gücləndirilməsi, beynəlxalq müstəvidə Azərbaycanın ədalətli mövqeyinin təsdiqi və digər strateji məsələlərin reallaşdırılması ilə bağlı faktlar elmi əsaslarla təhlil edilərək diqqətə çatdırılır.
Şəki REM-in Tarix və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov belə uğurlu bir əsərin ərsəyə gəlməsinə görə müəllifə dərin təşəkkürünü bildirib və kitabda yer alan maraqlı məqamlara xüsusi diqqət yönəldib. O qeyd edib ki, kitabın hazırlanması zamanı istifadə olunan zəngin ədəbiyyat müəllifin mövzu üzrə geniş dünyagörüşə, dərin biliklərə malik olmasının və araşdırmaya son dərəcə diqqətli yanaşmasının bariz göstəricisidir.
Rahim Həsənov əlavə edib ki, əsərdə qədim və orta əsrlər tarixinə dair nümunələrlə yanaşı, Hitler Almaniyasının destruktiv mövqeyindən də faktlar təqdim olunur. Bununla yanaşı, dünya siyasi nəhəngi Uinston Çörçilin, Çin müdriki Sun Tsunun fikirlərindən gətirilən sitatlar mövzunun elmi dərinliyini daha da artırır. Kitabda tarixçilərdən, siyasətçilərdən, ədəbiyyatçılardan, eləcə də dini mənbələrdən gətirilən nümunələr əsasında aparılan təhlillər məsələnin çoxşaxəli yanaşma ilə izah olunmasına imkan verir.
Rahim Həsənov nəzərə çatdırıb ki, cənab Prezident İlham Əliyevin çıxışları ali məzmun daşıyır və müzakirə olunmazdır, lakin bu kitab həmin çıxışların geniş ictimaiyyətə daha dolğun şəkildə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Şəki REM-in Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi Akif Məmmədli “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimatında çıxış etməkdən məmnunluğunu ifadə edib, kitabın yalnız elmi araşdırma deyil, həm də ideoloji, siyasi və tarixi baxımdan ölkəmizin suverenlik yolunun çoxşaxəli mənzərəsini təqdim edən dəyərli bir mənbə olduğunu vurğulayıb. Kitabda həm klassik, həm də müasir siyasi hadisələr arasındakı paralellərin ustalıqla göstərilməsinin, müxtəlif fəlsəfi yanaşmaların və tarixi nümunələrin təhlilə cəlb edilməsinin müəllifin mövzuya geniş miqyasda baxışının göstəricisi olduğunu nəzərə çatdırıb.
Şəki REM-in Arxeologiya və etnoqrafiya şöbəsinin rəhbəri Elşən Abdurahmanov çıxışında kitabda Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında formalaşmış milli ideologiyanın 44 günlük Vətən müharibəsində öz real nəticələrini verməsinin elmi əsaslarla izah olunduğunu şərh edib və kitabın həm tarixçilər, həm hüquqşünaslar, həm də ictimai-siyasi proseslərlə maraqlanan oxucular üçün sanballı mənbəyə çevrilməsinə səbəb olacağını vurğulayıb, müəllifə təşəkkürünü bildirib.
Sonda Vəfaddin İbayevin müəllifi olduğu kitablar Şəki Regional Elmi Mərkəzin kitabxanasına, Şəki REM-in nəşri olan kitablar Hüquq və İnsan Haqları İnstitutunun kitabxanasına hədiyyə edilib.








