Şəki Regional Elmi Mərkəzdə Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
Noy 17, 2025 | 07:00
Noy 17, 2025 | 07:00
17 noyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Milli Dirçəliş Günü münasibətilə tədbir təşkil olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Yusif Şükürlü tədbiri açaraq Milli Dirçəliş Gününün tarixi və ictimai-siyasi əhəmiyyətindən danışıb. O, 17 Noyabrın Azərbaycan xalqının azadlıq mübarizəsinin təcəssümü olduğunu, bu günün ölkəmizin müasir dövlətçilik düşüncəsinin formalaşmasında mühüm bir mərhələ təşkil etdiyini qeyd edib. Yusif Şükürlü bildirib ki, milli oyanış prosesi xalqımızın həm mənəvi birliyini, həm də müstəqillik uğrunda qətiyyətini nümayiş etdirir. O, bu əlamətdar günün gənc nəsildə milli şüurun möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və tədbirin işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev isə Milli Dirçəliş Gününə aparan tarixi mərhələlərə toxunub, 1988-ci ildən başlayaraq xalqın azadlıq eşqi, milli kimlik uğrunda mübarizə əzmi, meydan hərəkatının yaratdığı oyanış və ictimai həmrəyliyin Azərbaycan tarixində yeni bir dövrün əsasını qoyduğunu qeyd edib. Elçin Vəliyev bildirib ki, xalqın iradəsinə əsaslanan milli dirçəliş prosesi Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə real siyasi məzmun qazanıb, dövlətçilik ənənələri sistemli şəkildə bərpa edilib. Prezident İlham Əliyevin bu strateji xətti müasir çağırışlara uyğun və ardıcıl şəkildə davam etdirərək Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdiyini, ölkəmizi regionun lider dövləti səviyyəsinə yüksəltdiyini vurğulayıb.








