Şəki Regional Elmi Mərkəzdə növbəti Elmi Şura iclası keçirilib
Okt 28, 2025 | 04:00
Okt 28, 2025 | 04:00
28 oktyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində növbəti Elmi Şura iclası keçirilib.
İclasda 13 nəfər Elmi Şura üzvü, şöbə rəhbərləri və elmi işçilər iştirak ediblər.
İclası açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, iclasın işinə uğur diləyib.
Gündəlik səsə qoyularaq qəbul edilib.
Gündəlikdəki ilk məsələ "AMEA-nın 80 illik yubileyinə hazırlığın gedişi və qarşıda duran vəzifələr haqqında 18/1 saylı, "AMEA Rəyasət Heyətinin 20 oktyabr 2025-ci il tarixli 18/2 saylı "Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında" qərarları barədə məlumatları Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov çatdırıb. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına və AMEA-nın bu sərəncamlardan irəli gələn qərarlarına əsasən Şəki REM-in təşəbbüsü və təşkilatçılığı ilə maarifçi şair Seyid Əzim Şirvaninin, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin, Xalq şairi Bəxtiyar Vahabzadənin, dahi mütəfəkkir Süleyman Sani Axundovun yubileyləri ilə bağlı silsilə tədbirlər- seminarlar, elmi-praktiki konfranslar, dəyirmi masalar artıq keçirilib, böyük ictimai-siyasi xadim Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı elmi seminar 2025-ci ilin dekabr ayına planlaşdırılıb və məruzəçilər müəyyənləşdirilib.
Dosent həmçinin AMEA-nın 80 illik yubileyi ilə bağlı Şəki REM-in təşkilatçılığı ilə müxtəlif konfrans, dəyirmi masa, seminarların həyata keçirdiyini, sərgilərin təşkil olunduğunu da nəzərə çatdırıb.
Gündəlikdəki ikinci məsələ "Azərbaycan Respublikasının elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı Komissiyasına 2026-cı il üzrə Dövlət Mükafatları üçün əsərlərin təqdim edilməsi haqqında" AMEA Rəyasət Heyətinin 20 oktyabr 2025-ci il tarixli 18/4 saylı qərarı ilə bağlı Şəki REM-in Elmi katibi Vəfa Atayeva məlumat verib.
O, həmçinin iştirakçıları AMEA Rəyasət Heyətinin 7 iyul 2025-ci il tarixli15/10 saylı qərarı ilə təsdiq edilmiş "AMEA-nın Aziz Sancar fəxri diplomu" haqqında əsasnamə ilə də tanış edib.
Elmi Şura Dövlət mükafatı və Aziz Sancar fəxri diplomu üçün təqdim olunacaq əməkdaşların, elmi əsərlərin, layihələrin və elmi işlərin keyfiyyətinin təminatını həyata keçirəcək komissiyanın yaradılmasını qərara alıb. Qərara əsasən direktor Yusif Şükürlünün rəhbərliyi ilə 5 nəfərdən ibarət komissiyanın öz işinə 2026-cı ilin əvvəlində start verəcəyi bildirilib.
Elmi Şura iştirakçılarını 2025-ci il 8 noyabr-Zəfər Gününün 5-ci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər planının AMEA tərəfindən icrası haqqında AMEA Rəyasət Heyətinin 20 oktyabr 2025-ci il tarixli 18/3 nömrəli qərarı ilə Şəki REM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova tanış edib. Diqqətə çatdırıb ki, qərarın icrası ilə bağlı 6 noyabr 2025-ci il tarixində Şəki REM-də müharibə iştirakçıları, şəhid ailələri ilə görüşün, həmçinin elmi müzakirə platformasının təşkili edilməsi və həmin tədbirlər barədə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması, eləcə də Zəfər Günü ilə bağlı tədqiqat aparan alim və mütəxəssislərin kütləvi informasiya vasitələrində iştiraklarının təmin edilməsi nəzərdə tutulur.
Daha sonra Şəki REM-in Tarix və epiqrafika, Ədəbi-mədəni mühit və folklor şöbələrinin rəhbər və elmi işçi vəzifələrinə seçki keçirilib.
Seçkinin nəticələrinə əsasən t.ü.f.d. Rahim Həsənov Tarix və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Akif Məmmədli və f.ü.f.d. Ələddin Sultanov şöbənin böyük elmi isçiləri, Elçin Vəliyev şöbənin elmi işçisi, İradə Yusifova Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri, Təranə Abdullayeva və Tural Adışirinov şöbənin elmi işçiləri vəzifələrinə seçiliblər.
Elmi Şura üzvləri seçilən əməkdaşları təbrik edib və elmi fəaliyyətlərində uğur arzulayıblar.








