Şəki Regional Elmi Mərkəzdə Müstəqilliyin Bərpası Günü qeyd edilib
Okt 17, 2025 | 04:25
17 oktyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə bayram tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos.Yusif Şükürlü qonaqları və iştirakçıları salamlayıb, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ölkənin siyasi, iqtisadi və ictimai həyatında yeni mərhələnin başlanğıcı olduğunu, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu prosesinin gücləndirildiyini, beynəlxalq əlaqələrin genişləndirildiyini və milli təhlükəsizliyin təmin edildiyini qeyd edib, tədbirin işinə uğur arzulayıb və sözü Tarix və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənova verib.
Rahim Həsənov Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində bərpa edilən dövlət müstəqilliyinin ağır sosial-iqtisadi şəraitdə əldə edilməsi, Ümummili lider Heydər Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın ardıcıl islahatlar həyata keçirməsi, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi və bunlarla yanaşı, ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsiplərinin əsas götürülməsi, nəticədə ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının təmin olunması haqqında geniş məruzə edib.
Bildirib ki, 28 May tarixinin Müstəqillik Günü, 18 Oktyabr tarixinin Müstəqilliyin Bərpası Günü tarixi kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır və bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Rahim Həsənov onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ideya və əməllərinin, dövlətçilik xəttinin ən layiqli davamçısı, dünyanın tanınmış siyasi və dövlət xadimi cənab İlham Əliyevin 20 ildən çoxdur ki, xalqımızın tarixi nailiyyəti olan müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik etməsinin nəticəsidir ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi və biz fəxrlə bu günü bayram edirik.
Sonda Azərbaycanın müstəqilliyi yolunda keçdiyi tarixi mərhələlər, xalqın azadlıq əzmi və milli dövlətçilik ideyalarını əks etdirən tematik videoçarx nümayiş etdirilib.