Zaqatalada "Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük ideologiyası və milli dəyərlərin ahəngi" mövzusunda elmi-praktiki konfrans keçirilib
Okt 14, 2025 | 11:00
14 oktyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Zaqatala İslam Kollecinin birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi çərçivəsində "Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük ideologiyası və milli dəyərlərin ahəngi" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Zaqatala Diyarşünaslıq Muzeyinin əməkdaşları, Zaqatala İslam Kollecinin müəllim və tələbələri, media nümayəndələri iştirak ediblər.
Tədbiri açan Şəki Regional Elmi Mərkəzin Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədli qonaqları salamlayıb, tədbirin işinə uğur diləyib və elmi-praktiki konfransın keçirilməsində əsas məqsədin Xalq şairi, böyük mütəfəkkir Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsində türkçülük ideologiyasının, milli kimlik və dəyərlərin necə ifadə olunduğunu araşdırmaq, onun yaradıcılığında milli ruhun, vətən sevgisinin və bütöv türk dünyası ideyasının təcəssümünü elmi müstəvidə təhlil etməkdən ibarət olduğunu bildirib.
Qeyd edib ki, tədbir eyni zamanda gənc tədqiqatçılar, tələbələr arasında milli düşüncə və dəyərlərin ədəbi kontekstdə təbliğini gücləndirmək məqsədi daşıyır.
Sonra pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı Həşim İsmayılov "Bəxtiyar Vahabzadə xatirələrdə" mövzusunda məruzə edib.
Bildirib ki, Bəxtiyar Vahabzadə təkcə böyük şair, publisist və alim deyil, həm də yaşadığı dövrün mənəvi simvoluna çevrilmiş bir şəxsiyyətdir. O, şairin yaradıcılığını bütövlükdə əhatə edən insani keyfiyyətlərin, vətənə sevginin və əqidəyə sədaqətin canlı təcəssümünün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini, xatirələrin Vahabzadə yaradıcılığının və şəxsiyyətinin mənəvi portretini tamamlamaq baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Şəki REM-in Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, f.ü.f.d.Ələddin Sultanov “Bəxtiyar Vahabzadə yaradıcılığında İslami dəyərlərin poetik təcəssümü” mövzusu ətrafında çıxış edərək
Bəxtiyar Vahabzadə yaradıcılığının təkcə milli və bəşəri ideyalarla deyil, həm də İslam dünyagörüşü və dəyərləri ilə sıx şəkildə yoğrulduğunu, şairin şeirlərində İslamın insana, həyata, mənəviyyata və ədalətə verdiyi dəyərlərin poetik şəkildə ifadə olunduğunu, ruhun saflaşması və insanın mənəvi kamilliyi kimi motivlərin ön plana çıxdığını söyləyib.
Məruzəçi Bəxtiyar Vahabzadə üçün İslamın sadəcə dini sistem deyil, mədəniyyətin və milli kimliyin ayrılmaz hissəsi, milli dirənişin və mənəvi müqavimətin simvolu, xalqın yaddaşına hopmuş mənəvi irs olduğunu, onun yaradıcılığında din və poeziyanın bir-birini tamamlayan iki qüvvə kimi cəmiyyətdə mühüm rol oynaya biləcəyini vurğulayıb.
Daha sonra Şəki Regional Elmi Mərkəzin Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri Təranə Abdullayeva "Dildən millətə, millətdən türklüyə – Vahabzadə düşüncəsində kimlik fəlsəfəsi” adlı məruzə ilə çıxış edib. Məruzəçi Vahabzadənin "Ana dili", "Türkün dili", "Latın dili" kimi şeirlərində, həmçinin "Gülüstan" poemasında bütöv türk dünyasının bir dilin, bir ruhun, bir taleyin daşıyıcısı olduğundan bəhs edərək, türkü birləşməyə səslədiyini, onun türklüyü mənəvi, mədəni, humanist dəyər sistemi kimi dərk etdiyini diqqətə çatdırıb.
"Bəxtiyar Vahabzadənin "Muğam" poemasında milli kimlik və mənəvi yaddaş" mövzusu ilə çıxış edən Şəki Regional Elmi Mərkəzin Arxeologiya və etnoqrafiya şöbəsinin elmi işçisi Aygül Xəlilova
şairin "Muğam" poemasında milli kimlik anlayışının dərin fəlsəfi və poetik qatlarla təqdim olunduğunu, onun muğamı təkcə musiqi janrı kimi yox, xalqın yaddaşını, dərdini, ruhunu və tarixi kimliyini ifadə edən mənəvi bir simvol kimi qavradığını, əsərdə muğamın xalqın içindən doğan və onu yaşadan bir ruhi mərkəz, xalqı köklərinə bağlayan və milli varlığını dərk etdirən mənəvi dəyər kimi təqdim olunduğunu şərh edib.
Nəzərə çatdırıb ki, Vahabzadənin "Muğam" poemasının gücü bir də onun musiqi ilə milli kimlik arasında körpü yaradaraq, ədəbi sözün gücü ilə mədəni irsin qorunmasının vacibliyi ön plana çəkməsindədir.
Elmi-praktiki konfrans müzakirələrlə öz işini davam etdirib.
Sonda Şəki Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, fil.e.d.,dos. Kamil Adşirinov çıxış edərək
böyük ədibin yaradıcılığı ətrafında aparılan fikir mübadiləsi, onun poeziyasında yer alan türkçülük ideologiyası, milli kimlik və islami dəyərlərin ahəngi mövzularına verilən töhfələrin qiymətli olduğunu qeyd edib.
O, Bəxtiyar Vahabzadənin yalnız şair yox, həm də bir millət yaddaşı, mənəvi dirəniş simvolu, düşüncə müəllimi olmasını dilə gətirərək, şairin sözündəki ruhun keçmişlə gələcəyin qovşağında dayanan bir millətin səsi kimi səsləndiyini, tədbirdə deyilən fikirlərin, təqdim olunan çıxışların həm yeni tədqiqatlara yol açacağına, həm də milli ədəbi düşüncənin inkişafına bir töhfə olacağına inandığını bildirib və tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə – təşkilatçılara, tədqiqatçılara, tələbələrə və qonaqlara dərin təşəkkürünü bildirib.