Okt 09, 2025 | 07:00
09 oktyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və "Narınqala" şəhər Folklor evinin birgə təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin Ev muzeyində görkəmli bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş "Musiqimizin memarı" adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları, "Narınqala" şəhər Folklor evinin kollektivi, Şəki Dövlət Regional Kollecinin müəllim və tələbələri, şəhid anaları iştirak ediblər.
Üzeyir Hacıbəylinin, torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda canınlarından keçmiş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Kamil Adşirinov çıxış edərək bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətinə təməl prinsiplər bəxş edən dahidir. Qeyd edib ki Üzeyir bəyin "Leyli və Məcnun" operası xalqımızın mədəni həyatında bir inqilabdır və əsərlərində muğamla klassik musiqini vəhdətdə təqdim edən bəstəkarın əsərləri milli kimliyimizin səsinə çevrilmişdir. Məruzəçi söyləyib ki, Azərbaycan milli musiqisinin dünyada tanınmasının təməlində Üzeyir Hacıbəylinin yaratdığı sağlam bünövrə dayanır.
Sonra Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşı Habil Xəlilov çıxış edib. O, Üzeyir Hacibəyli musiqisinin təkcə milli deyil, həm də ümumbəşəri dəyərləri özündə birləşdirərək ruhu qidalandırmasından danışıb, onun zəngin irsinin musiqi ictimaiyyəti və gənc nəsil üçün əvəzsiz örnək olduğunu vurğulayıb.
Tədbirdə Üzeyir Hacıbəylinin "Koroğlu" üverturası, "Sənsiz", "Sevgili Canan" romansları, "Arşın mal alan" əsərindən parçalar səsləndirilib.
Ədəbi-bədii gecəyə gənc xanəndə Sərxan Hüseynlinin, Şəki Musiqi Kollecinin müəllim və tələbələrin ifaları rəng qatıb və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.








