Şəkidə "Bəxtiyar Vahabzadənin ictimai-siyasi görüşləri" mövzusunda seminar keçirilib
Okt 09, 2025 | 05:00

09 oktyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı, Narınqala folklor evinin dəstəyi ilə Bəxtiyar Vahabzadənin Ev muzeyində Xalq şairinin xatirəsinə həsr edilmiş "Bəxtiyar Vahabzadənin ictimai-siyasi görüşləri" adlı seminar keçirilib.

Bəxtiyar Vahabzadənin, torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda canınlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Bəxtiyar Vahabzadənin Ev muzeyinin rəhbəri Elşən Zəkəriyyəbəyli qonaqları salamlayıb, tədbirin işinə uğur diləyib.

Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova tədbirin əsas məqsədinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, publisist, nasir, dramaturq Bəxtiyar Vahabzadənin yaradıcılığı əsasında ictimai-siyasi düşüncəsini, milli kimlik və vətənpərvərlik duyğularının bədii əksi olan fikirlərini təhlil müstəvisinə çıxararaq müzakirələr aparmaq, bütün bunların Azərbaycan cəmiyyətinə və milli düşüncənin formalaşmasına təsirini araşdırmaq, şairin ideyalarını tanıtmaq olduğunu bildirib və sözü Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d.,dos. Kamil Adışirinova verib.

Kamil Adışirinov Bəxtiyar Vahabzadənin təkcə şair deyil, eyni zamanda öz dövrünün ictimai-siyasi proseslərində aktiv iştirak edən, kəskin münasibət bildirən ziyalılardan olduğunu deyib, əsərlərinin milli ruhun, azadlıq arzularının və vətəndaş mövqeyinin güclü ifadəçisi kimi çıxış etdiyini vurğulayıb.
Qeyd edib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığının ana xəttini təşkil edən milli kimlik, azadlıq, dil və vətən mövzuları, ‘Gülüstan’da birləşərək xalqı mübarizəyə səsləyən Vətən marşına çevrilmiş, beləliklə də şair yalnız sözlə yox, həm də mövqeyi ilə millətin vicdan səsi olmağı bacarmışdır.

Şəki REM-in Arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşı Habil Xəlilov Bəxtiyar Vahabzadənin dini görüşləri haqqında geniş şərh verib. Bildirib ki,
şairin dini görüşləri birbaşa teoloji çərçivədə deyil, ictimai-mənəvi və milli düşüncə kontekstində özünü göstərir, dinə mənəvi dayaqlar prizmasından yanaşaraq, onu millətin mənəvi dayağı, mədəniyyətin ayrılmaz hissəsi və insanı saflaşdıran dəyər kimi qiymətləndirmişdir.
Məruzəçi Vahabzadənin dini bir ideologiyadan çox, xalqın kimliyində, tarixində və ruhunda yaşayan təməl kimi gördüyünün, şeirlərində Allah, qəza-qədər, əxlaq, vicdan kimi anlayışlardan istifadə edərək, insani və mənəvi axtarışda olduğunun ifadəsini gördüyümüzü nəzərə çatdırıb.
Habil Xəlilov Bəxtiyar Vahabzadənin hər zaman ənənəvi İslamın mənəvi və əxlaqi prinsiplərinə hörmətlə yanaşaraq dinə millətin ruh dünyasının əksi kimi baxan ziyalı mövqeyi nümayiş etdirdiyini diqqətə çatdırıb.

Sonda Narınqala folklor evinin müdiri Zeynəb Qaffarova çıxış edərək, Şəki Regional Elmi Mərkəzin direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlüyə və əməkdaşlarına, Bəxtiyar Vahabzadənin Ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyliyə təşəkkürünü bildirib. Növbəti tədbirlərdə də qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb və tədbirin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu ifadə edib.

Şəki Dövlət Regional Kollecinin müəllim və şagirdləri bir-birindən maraqlı ifaları ilə tədbirə rəngarənglik qatıblar.

Müzakirələr çay süfrəsi ətrafında davam etdirilib.