Oğuzda "Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili məsələləri" mövzusunda elmi-praktiki konfrans keçirilib
Okt 02, 2025 | 03:00
02 oktyabr 2025-ci il tarixində Oğuz rayonunda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı və Oğuz rayon MKS-nin Mərkəzi Kitabxanasının dəstəyi ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili məsələləri" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ayaz Ağayev, Şəki Regional Elmi Mərkəzin alimləri və gənc tədqiqatçıları, Oğuz rayonunun ziyalıları, şagirdlər iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin, Bəxtiyar Vahabzadənin, torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda canınlarından keçmiş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Elmi-praktiki konfransı Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova açaraq qonaqları və iştirakçıları salamlayıb, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbirin məqsədinin şairin ədəbi irsində ana dilinə münasibəti, dilin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı ideyalarının təbliğ edilməsi olduğunu vurğulayıb və çıxış üçün sözü Oğuz Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsi müdirinin müavini Ayaz Ağayevə verib.
Ayaz Ağayev qonaqları salamlayıb, nəzərə çatdırıb ki, Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb və bu çərçivədə ölkəmizin hər yerində olduğu kimi Oğuz rayonunda da silsilə yubiley tədbirləri keçirilir. Qeyd edib ki, "Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili məsələləri" adlı elmi-praktiki konfransın keçirilməsi üçün Oğuz rayonu MKS-nin Mərkəzi Kitabxanasının tərəfdaş seçilməsi olduqca qürurvericidir. O bu birgə əməkdaşlığa görə Şəki REM-in direktoru, fiz.ü.f.d, dos. Yusif Şükürlüyə minnətdarlığını bildirib və tədbirin işinə uğurlar arzulayıb.
Sonra söz tədqiqatçı-filoliq Səhər Rzayevaya verilib. Məruzəçi "Bəxtiyar Vahabzadə yaradıcılığında ana dilinə münasibət" adlı çıxışında əsrarəngiz ana dilimizin Bəxtiyar Vahabzadə poeziyasında insanların mənəvi aləminin zənginləşməsinə, milli-mənəvi dəyərlərin, varlığımızın, milli kimliyimizin göstəricisi olduğunun aşılanmasına xidmət etdiyini bildirib, ana dilinin qorunması, gələcək nəsillərə ötürülməsi kimi mühüm məsələlərin şairin yaradıcılığının özəyini təşkil etdiyini vurğulayıb.
Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyevin hər zaman elmin və mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərdiklərini nəzərə çatdırıb, dahi şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin yubiley tədbirlərinin keçirilməsinin, onların şərəfinə abidələrin ucaldılmasının, əsərlərinin böyük tirajla nəşr edilməsinin və başqa bu kimi məsələlərin, incə məqamların diqqətdə saxlanmasını bu qayğının bariz nümunəsi olduğunu deyib.
O, bugünkü tədbirin Şəki REM-in təşkil etdiyi tədbirlər silsiləsinin bir parçası olduğunu nəzərə çatdıraraq, elmi-praktiki konfransın təşkilində birgə əməkdaşlığa və göstərdikləri dəstəyə görə Oğuz rayon rəhbərliyinə, Oğuz MKS-nin Mərkəzi Kitabxanasına dərin təşəkkürünü bildirib.
Sonra çıxışını "XX əsr Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin yeri və rolu" mövzusu üzrə davam etdirib. Məruzəçi dahi Nizami və Füzulidən sonra "Düşüncədən misraya, misradan əbədiyyətə" missiyasını özündə ləyaqətlə daşıyan, dərin fəlsəfi-estetik düşüncəyə sahib Bəxtiyar Vahabzadənin təkcə dünyəvi deyil, dini dünyagörüşünün məhz klassik irsimizdən qaynaqlandığını və XX əsrin 60-cı illərindən başlayaraq dünya ədəbiyyatına meydan oxuduğunu bildirib. Şairin bədii irsinin müxtəlif dillərə tərcümə olunaraq nəşr edilməsinin deyilənləri təsdiqləyən fakt olduğunu ifadə edib.
Daha sonra Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri Təranə Abdullayeva "Klassik irs və Bəxtiyar Vahabzadə yaradıcılığı: paralellər və kəsişmələr" mövzusunda məruzə edib. Məruzəçi Bəxtiyar Vahabzadənin əsərlərində dahi Füzulinin eşq fəlsəfəsinin, Nizaminin insanpərvərlik ideyasının, Nəsiminin haqq-ədalət mübarizəsinin yeni rakursdan müasir ifadəsini tapdığını deyib. O, tədqiqat apararkən klassiklərin və Bəxtiyar Vahabzadənin yaradıcılığından nümunələrin seçilərək paralellərin və kəsişmələrin müəyyənləşdirildiyini söyləyib, bütün bunların Bəxtiyar Vahabzadə yaradıcılığı üçün motiv rolu oynadığını məzmunlu və geniş məruzəsində şərh edib.
Arxeologiya və etnoqrafiya şöbəsinin elmi işçisi Aygül Xəlilova "Sovet ideologiyasının kölgəsində milli təəssübkeşlik" adlı məruzəsində Sovet dövrü yazıçı və şairlərimizin bədii priyom kimi istifadə etdikləri kodlaşdırma, mətnaltı eyhamlar, fikrin dolayı yolla çatdırılması kimi dərin zəka və fəlsəfi düşüncəyə əsaslanan metodların Bəxtiyar Vahabzadə yaradıcılığından da yan keçmədiyini, əksinə şairin bu cür məna yükünə malik əsərlərinin bəşəriyyət və insanlıq üçün humanist mövqe nümayiş etdirdiyini təsdiqləyən önəmli faktor olduğunu qeyd edib.
Şəki REM-in Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov Bəxtiyar Vahabzadəni böyük filosof adlandırıb, şairin əsərlərində dərin fəlsəfi məna kəsb edən zaman, insan, həyat, cəmiyyət amillərinin qeyri-adi baxış bucağından təqdim edildiyini dilə gətirib.
Tədbirdə, həmçinin şair tədqiqatçı Yusif Rza, Oğuz rayon Gənclər və İdman Sektorunun əməkdaşı Vüsal Məmmədov Bəxtiyar Vahabzadə haqqında xatirələrini, maraqlı fikirlərini bölüşüblər.
Oğuz şairi Şükufə Ruhlu şairin ruhuna dualar oxuyub, ana dilinə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirib.
Tədbirin sonunda Oğuz MKS-nin direktoru Nəzakət Qasımova çıxış edərək tədbirin təşkil olunmasında əməyi olan hər kəsə, xüsusilə, Şəki REM-in direktoru Yusif Şükürlüyə dərin təşəkkürünü bildirib, belə mötəbər tədbirlərin təşkil olunmasında birgə əməkdaşlığın davam edəcəyinə ümid etdiyini bildirib.
Tədbirin əsas hissəsi başa çatdıqdan sonra müzakirələr çay süfrəsi ətrafında davam etdirilib. Sonda xatirə fotoşəkilləri çəkilib.